Tovuz döyüşləri Qarabağ zəfərinə aparan əsas döyüşlərdən idi

12 İyul 2024 11:59

Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından dörd il ötür.

Milli.Az bildirir ki, baş verən döyüşlərlə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin böyük qələbəyə aparan zəfər yolu 2016-cı ilin aprel döyüşlərindən, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz döyüşlərindən keçdi.

"Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatının və gözlənilməz hücumlarının qarşısını almağa qadirdir. Döyüşlər zamanı düşmənin çox sayda hərbi obyektləri və onlarla canlı qüvvəsi məhv edildi. Düşmənin şəxsi heyəti öz mövqelərini qoyub geri çəkilməyə məcbur oldu. Bu döyüşlərlə Azərbaycan Ordusu sübut etdi ki, Ermənistan ordusu barədə miflər artıq darmadağın edililib. Tovuz döyüşlərində Azərbaycanın həm hərbi qələbəsi, həm də dövlətimizin geosiyasi üstünlüyü özünü aşkar şəkildə büruzə verdi. Tovuz döyüşləri böyük zəfərə aparan yolun ilk addımlarından biri kimi işğalçı düşmənə qarşı dövlət, xalq, ordu birliyinin fundamental əsaslarını təmin edən bir faktor kimi dəyərləndirilməlidir".

Hərbi ekspert Ramiz Mərdanlı bildirib ki, Tovuz döyüşləri Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindəndir.

Rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı. Düşmənin xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Döyüşlərin davam etdiyi günlərdə on minlərlə insan paytaxtımızda və bölgələrdə yürüş edərək, Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdi.

Minlərlə gənc döyüşmək üçün ordu sıralarına yazıldı. Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlər xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bunun nəticəsində 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımız düşməndən azad edildi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun