Onlar gələcəyimizdir: keçmişə aparmayaq

11 İyul 2024 15:00

Məlum olduğu kimi iyulun 7-dən Məhərrəm ayı başlayıb. Bu ay islam dinində seçilən aylardan biri hesab olunur. Bir sıra ölkələrdə bu aya xüsusi önəm verilməsə də, şiəliyin yayıldığı regionlarda məhərrəm ayı özünəməxsus şəkildə qeyd olunur. Hicri təqviminin birinci ayı olan Məhərrəm ayında bir sıra mərasimlər keçirilir, Azərbaycanda bəzi bölgələrdə toylar dayanır, bu aylarda xoş gün keçirənlər birmənalı qarşılanmır.

Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin şəhid edildiyi Kərbəla döyüşünün ildönümü olan Aşura günü Azərbaycanda tam fərqli şəkildə keçirilir. Əvvəllər hətta, Aşura günündə məscidlərə yığışıb özlərini zəncirləyib, qaşlarını yarıb qan çıxaranlar var idi. Sonradan bu kimi halların qarşısını almaq məqsədi ilə qanvermə aksiyaları təşkil olunmağa başlayıb. Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir. Qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunur.

Ümumiyyətlə İslamda, Quranda özünə zərər vermək, özünü zəncirləmək, zorla qan çıxartmaq düzgün hesab edilmir. Aşura günü ilə bağlı bu adətin də İslamla konkret əlaqəsi yoxdur. Sadəcə, imamlarımızın ruhuna hörmət əlaməti olaraq həmin gün bəzi şəxslər bu kimi mərasimlər təşkil ediblər.

Rəsmi müraciət

Aşura günündəki həssaslıq nəzərə alınaraq Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib: "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür. Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar. Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik", - birgə məlumatda deyilir.

Aşura mərasimləri özünün ağırlığı, özünəməxsus təsirləri ilə seçilir. Uşaqların psixologiyasına mənfi təsir edəcəyini düşünərək onların sağlam böyüməsi üçün bu mərasimlərdə iştirakı məsləhət görülmür.

Din və Azərbaycan

Dinlə bağlı ilkin anlayışlar ailədə formalaşsa da, müəyyən yaşdan sonra kənar təsirlərin rolu artır. Ətrafındakı insanlardan tutmuş yaşadıqlarına qədər hər incə məqam dinə qarşı düşüncələri müsbətə və ya mənfiyə doğru dəyişdirə bilir.

Bütün dinlərin əsası sülh, təhlükəsizlik, səadət, barışıq, yardımlaşma və bu kimi müsbət çağırışlar olsa da, tarix boyu insanlar arasında geniş müzakirə olunub, fikir ayrılıqlarına, mübahisələrə, münaqişələrə yol açıb, hətta müharibələrə də gətirib çıxarıb. Mənası ərəb dilindən tərcümədə "yol", "mükafat", "inanc" olan din hər zaman həssas mövzu olub, hər kəs özünəməxsus şəkildə qavrayıb, yaşayıb, həyat tərzini ona uyğunlaşdırıb.

Azərbaycanda hər kəs din seçimində azaddır, həm dini, həm də digər cəhətdən təhlükəsizdir, istənilən dinə öz müqəddəs məkanında rahat şəkildə ibadət etməsi üçün şərait yaradılıb, ayrı-seçkiliyə, inancına görə təhqir və təhdid olunmasına yolverilmir. Prezidentin də çıxışlarında qeyd etdiyi kimi, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

İslam
Milli.Az