XİN rəhbərlərinin Vaşinqton görüşü sülhə hansı töhfəni verəcək?

11 İyul 2024 13:11

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən görüşün yekun nəticəsi sülh sazişinin yekunlaşdırılması istiqamətində işin davam etdirilməsindən ibarətdir və qənaətimə görə, bunu yenilik kimi dəyərləndirmək doğru olmazdı.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Azərbaycanla Ermənistan onsuz da sülh sazişi üzərində işi davam etdirirdilər. Nəzərə alsaq ki, Azərbaycan hələ Vaşinqton görüşündən xeyli əvvəl sülh sazişi layihəsini onuncu redaksiyada Ermənistana təqdim edib, bu halda hər hansı bir ölkənin rəsmisinin iştirakı ilə keçirilən görüşün bu prosesə, xüsusilə də Azərbaycanın mövqeyinə təsir etmədiyini, görüşün Vaşinqtonda, yaxud hər hansı bir ölkədə keçirilməsinin xüsusi əhəmiyyət daşımadığını deyə bilərik", - o bildirib.

E.Mirzəbəylinin sözlərinə görə, Vaşinton görüşündə nəzərə çarpan ən önəmli məqam Azərbaycan xarici işlər nazirinin ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası ilə bağlı mövqeyinin eyni qətiyyətlə ifadə olunmasıdır:

"Hazırda tələm-tələsik olaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təşviq edənlər başa düşməlidirlər ki, söhbət Cənubi Qafqazın və daha geniş subregionun davamlı təhlükəsizliyinin təmin olunmasına xidmət edən, həyati əhəmiyyət daşıyan, məsuliyyət və öhdəliklər yaradan ciddi bir sənəddən - dövlətlərarası sülh müqaviləsindən gedir, "fast food" sazişindən yox! Bu səbəbdən də, gələcəkdə müqavilənin şərtlərinin pozulmasına, yeni bir münaqişənin yaranmasına xidmət edən bütün maneələr sülh sazişinin imzalanacağı zaman kəsiyinədək aradan qaldırılmalıdır.

Bu baxımdan, ABŞ və prosesi müşahidə edən bütün digər mərkəzlər, ilk növbədə Ermənistandan Azərbaycana qarşı ərazi iddialarını özünün konstitusiyasından və digər hüquqi-normativ aktlarından çıxarılmasını tələb etməlidirlər. Hər şey bir yana qalsın, Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında və digər hüquqi-normativ aktlarında başqa bir ölkənin ərazisinin anneksiyasının dövlətin və xalqın başlıca vəzifəsi kimi vurğulanması, ilk növbədə BMT Nizamnaməsinə ziddir. Yəni beynəlxalq hüququn müstəqil subyekti olan bir ölkənin başqa bir ölkənin ərazisini özünə birləşdirəcəyini konstitusiya səviyyəsində bəyan etməsi sivil dünyanın tarixində görünməmiş bir presedentdir".

E.Mirzəbəyli qeyd edib ki, indi Bayden adminstrasiyası seçkilərə qədər təbliğat kampaniyasında istifadə etmək üçün hansısa "nəticə"nin əldə olunmasına, yaxud Paşinyan hakimiyyətinin qorunub saxlanılmasına cəhd göstərirsə, o zaman rəsmi İrəvana və erməni xalqına bunun yeganə yolunu da nişan verməlidir.

"Əks təqdirdə sülh müaviləsinin imzalanması mümkün olmayacaq. Azərbaycan sülhün davamlılığı üçün bütün maneələrin aradan qaldırılmasını zəruri hesab edir. 30 ilə yaxın zaman kəsiyində Azərbaycan ərazilərini işğal altında saxlayan, yaşayış məntəqələrimizi viran qoyan, xalqımıza qarşı soyqırım cinayətləri həyata keçirən və torpalarımızı mina "tarlası"na çevirən bir toplumsal düşüncəyə etimad göstərməyimiz üçün heç bir əsas yoxdur.

Kim zəmanət verə bilər ki, bir neçə ildən sonra Ermənistan sülh müqaviləsinin müddəalarının ölkə konstitusiyasına zidd olduğunu əsas gətirərək, onu birtərəfli qaydada ləğv etməyəcək? Başqa bir sual: Əgər Ermənistan, həqiqətən, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman hansı səbəblərdən "Dağlıq Qarabağ münaqişəsi"nin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmir? Axı Azərbaycan Ermənistana belə bir çağırış edib və rəsmi İrəvan hələ də bu çağırışa cavab verməyib.

Rəsmi Bakının mövqeyi tamamilə aydın və əks arqumentə yol açmayacaq səviyyədə əsaslıdır. Məhz bu baxımdan, ABŞ gələcəkdə sülh müqaviləsinə maneə yarada biləcək amillərin aradan qaldırılması üçün Ermənistana təzyiq göstərməlidir. Bunun başqa alternativi yoxdur".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsinə dair ciddi perspektivlər var.

"Bu perspektivlərin olduğu bir zamanda müxtəlif platformalarda dialoq və ünsiyyətin davam etdirilməsi bizim üçün müstəsna əhəmiyyətə malikdir. ABŞ-ın son dövrlərdə Azərbaycan-Ermənistan arasında danışıqlarda maraqlı olması, sülh üçün səylər göstərməsi müsbət hadisədir:

NATO sammiti çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğunda üçlü görüşün keçirilməsi, ölkələrarası münasibətlərin normallaşması, problemlərin həll edilməsi baxımından önəm kəsb edir.

Rəsmi Vaşinqton bu gün daha obyektiv vasitəçi olaraq sülhün irəli nöqtəyə daşınmasında vasitəçi ölkə kimi mühümdür. Bu baxımdan, Vaşinqton formatlı görüşlər, problemli məsələlərin həllində faydalı ola bilir. Bu prosesdə Entoni Blinkenin moderatorluğu xüsusilə vacibdir.

Bu gün dünyanın böyük siyasi mərkəzlərində bu məsələ müzakirə edilir. Hər kəs çalışır ki, vasitəçi kimi sülhdə payı olsun. ABŞ buna daha çox yaxındır", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun