"Ukraynanın nə zaman NATO-ya üzv olacağı məlum deyil"

10 İyul 2024 19:06

NATO ölkələri Ukraynanın alyansa üzvlüyünü dəstəkləsə də, bunun nə zaman reallaşacağı məlum deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikirləri alyansın baş katibi Yens Stoltenberq söyləyib.

O əlavə edib ki, ABŞ, Niderland, Rumıniya və İtaliya yaxın vaxtlarda Ukraynaya yeni hava hücumundan müdafiə kompleksləri göndərəcək:

"Ümidvaram ki, tərəfdaşlarımız Ukraynanın NATO-ya üzvlüyü məsələsində razılığa gələ biləcəklər. Amma hələ bununla bağlı yekun bəyanat razılaşdırılmayıb deyə üzvlük məsələsini şərh etmək istəməzdim. Hazırda danışıqlar davam etdirilir. Hələ aprel ayında Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyacı olduğunu demişdi. Biz yaxın vaxtlarda ABŞ, İtaliya, Rumıniya və Niderlanddan analoji sistemlərin göndərilməsini planlaşdırırıq".

"Bütün tərəfdaşlarımız Ukraynanın alyansa üzvlüyü məsələsində həmfikirdir və biz buna doğru yaxınlaşır, müvafiq addımlar atırıq. Lakin prosesin nə zaman yekunlaşacağı barədə fikir söyləmək hazırda çox çətindir", - deyə Stoltenberq əlavə edib.

Milli.Az