Makron qumarda uduzdu - Narsist prezident yaxınlarının gözü ilə... - "Politico" yazır

10 İyul 2024 11:11

"Emmanuel Makron ilə birlikdə Fransanın Hərbi Hava Qüvvələrinin təyyarəsinin lüks kabinetində əyləşərkən Fransa prezidentindən onun kimə güvəndiyini soruşdum. Mənə maraqlı idi ki, işin yükü ona ağır gələndə ən dərin hisslərini kiminlə bölüşür?

Dövlət başçısı əvvəlcə sualımı başa düşmədi. Ona kömək etmək üçün həyat yoldaşı və keçmiş lisey dram müəllimi Briciti təklif etdim. Onun media müşaviri qarşımızda oturmuşdu, bu fikri bəyəndi və həvəslə suallara nüdaxilə etməyə hazırlaşdı. Makron ona rədd cavabı verdi və xeyli fikirləşdikdən sonra "özüm" dedi."

Milli.Az bildirir ki, bu barədə "Politico" nəşrində dərc olunmuş Jamil Anderlinin məqaləsində qeyd olunub. Fransa prezidenti barədə şəxsi fikirlərini bölüşən yazar Makronun siyasətini tənqid edib.

"Mən Makron və onu müşayiət edənləri keçən ilin aprelində Çinə rəsmi dövlət səfərində müşayiət etdim və bu səfər zamanı prezident və onun ən yaxın müşavirləri ilə birlikdə xeyli vaxt keçirdim, onlarla söhbət etdim. Onun yoldaşlarından bir neçəsi mənimlə prezidentin şəxsiyyəti haqqında açıq danışıb."

Məlum olduğu kimi, Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu başa çatıb. Solçulardan ibarət "Yeni Xalq Cəbhəsi" (Nouveau Front Populaire, NFP) koalisiyası 182, Fransa prezidenti Emmanuel Makronun başçılıq etdiyi "Birlikdə Respublika uğrunda!" koalisiyası 168, Marin Le Penin lider və Jordan Bordellanın sədr olduğu sağçı "Milli Vəhdət" (Rassemblement National, RN) Partiyası 143, mühafizəkar Respublikaçılar Partiyası 45 deputat mandatı qazanıb. Fransa parlamentinin aşağı palatası olan və 577 yerdən ibarət Milli Assambleyada qalan mandatları müstəqil namizədlər və kiçik partiyaların mənsubları öz aralarında bölüşdürəcəklər.

Fransada solçuların qələbəsi siyasi iflic yaradıb. "Reuters" agentliyinin yazdığına görə, Seçkilərin nəticələri Prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir. Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq. Baş nazir Qabriel Attal istefa verəcəyini bildirib, lakin hökuməti qurmaq kimi çətin vəzifəni nəzərə alaraq, Prezidentin bunu dərhal qəbul edib-etməyəcəyi bəlli deyil. Londondakı "Monex Europe" valyuta təhlili mərkəzinin Simon Harveyin sözlərinə görə, səsvermə ilə bağlı proqnozlar açıqlandıqdan sonra avro bazar günü ucuzlaşıb. Sol ittifaq yanacaq və ərzaq kimi vacib malların qiymətlərini məhdudlaşdırmağı, minimum əmək haqqını və dövlət sektoru işçilərinin əmək haqqını yüksəltməyi hədəfləyir. Fransanın büdcə kəsiri isə artıq istehsalın 5,5 faizini təşkil edir ki, bu da qaydaların Aİ-nin icazə verdiyi səviyyəsindən yüksəkdir. "Capital Economics" nəşri qeyd edib ki, parçalanmış parlament Fransanın Aİ büdcə qaydalarına riayət etməsində lazım olan büdcə kəsirlərini qüvvəyə mindirmək sahəsində hansı bir hökumət üçün çətin olacaq. "Bu arada, Fransa hökuməti (və digər hökumətlər) ilə Aİ arasında maliyyə siyasəti ilə bağlı toqquşma ehtimalı artıb", -deyə nəşr vurğulayıb.

Göründüyü kimi Fransada vəziyyət heç də ürəkaçan deyil. Makron isə həqiətən də çıxılmaz vəziyyətə düşüb. Jamil Anderlini yazır ki, Makron ölkəsini xaosa sürükləyən qumar oynayıb:

"Makronun yaxın dostlarından biri mənə dedi ki, o uduzmağı xoşlamır və heç kimi dinləmir, qərarları özü qəbul edir. Onun şirnikləndirici nitqi var, hər kəsi aldatmağı bacarır. O danışığı ilə çoxlarını ovsunlayır".

Müəllif bildirib ki, onun haqqında yaxşı fikirlər səsləndirənlər də az deyil. Amma, çoxları Makronu narsist hesab edir. Dostları düşünür ki, Makronun nifrət qazanma səbəblərindən biri Makronun ona uyğun olmayan şəxslə münasibətidir. Belə ki, Makron məktəbli olarkən sevdiyi, 3 uşaq sahibi olan müəllimi ilə münasibət qurub. O, 2007-ci ildə 54 yaşlı müəllimi ilə ailə qurub.

"Makronun başqa bir yaxını mənə dedi ki, o heç də xoşbəxt deyil, gecələr çox narahat qalır, özünü yalnız hiss edir, o bütün günü dilxor olur", - Jamil Anderlini fikrini tamamlayıb.

Bəxtiyar Umarlı
Milli.Az