“Trendyol”-da qiymətlər bahalaşdı: “Geyimi almaq sifarişi verməklə eyni qiymətə gəlir” - FOTO

10 İyul 2024 07:03

""Trendyol"-la sifarişlərdə karqo qiymətləri çox bahalaşıb. Sifariş etdiyim bir neçə geyimə 60 manat karqo gəlib. 169 manatın 60 manatı karqoya çıxıb. Aldığım məhsullar da çox  yüngül mallardır. Yay geyimləri, aksesuarlar.. Deyim elə ağır mal sifariş vermişəm, çəkisi çoxdu, yox. Əvvəl belə deyildi. İndi aldığın malın üstünə ümumi qiymətin yarısı qədər az qala karqo gəlir. Ümumiyyətlə qiymətlər əvvəlki dövrlə müqayisədə bahadır. Digər bir karqo şirkətinə də müraciət etdim. Gördüm ki, orada geyimi almaq sifariş verməklə elə bir qiymətə gəlib çıxır. Düzdür, "Trendyol" da mənim sifariş verdiyim mallar fərqli mağazalardandır. Amma həmişə belə sifariş verirdim. Bu dəfə karqo mənə o qədər baha oturdu ki, "Trendyol" şirkətinin proqram tətbiqini yəqin mallar çatdıqdan sonra siləcəm".
 
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şikayətçi Zülfiyyə Quliyeva deyib.
 
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Saytımıza açıqlama verən birlik sədri bildirib ki, son aylar karqo qiymətlərinin bahalaşması ilə bağlı çox şikayətlər alır.
 
"Hazırda Türkiyədə qiymətlər çox yüksəkdir. Turizm qiymətləri təxminən 2 dəfə qalxıb. Şəxsən özüm Türkiyədən dünən gəlmişəm. Turizm sahəsində sanki təklif tələbi üstələyib. Təklif tələbi üstələyəndə qiymətlər enməlidir, servis yüksəlməlidir. Burada isə tamamilə əksinədir. Qiymət də qalxıb, servis də aşağı düşüb. Mallarda və xidmətlərdə də belədir. Şübhəsiz ki, bu kimi hallar elektron satışa da, "Trendyol" a da təsir edib. Bu bizim ölkəmizin siyasəti də ola bilər. Çünki klassik ticarətlə elektron ticarət ciddi rəqabətdədir. Klassik ticarət tərəfdarlarının böyük narazılığı var. Nəticədə bütün bu narazılıqlar istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Əlbəttə ki, heç bir istehlakçı qiymətlərin artmağını istəməz", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun