Fransada Fələstini tanımağı vəd edən partiya qalib gəldi - Yenilənib

8 İyul 2024 07:16

07:16

Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar parlament seçkilərində birinci olan solçu "Yeni Xalq Cəbhəsi" ittifaqının əsas seçki vədləri arasında Fələstin dövlətinin tanınması var.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin təsdiqlənməmiş nəticələrinə görə, "Yeni Xalq Cəbhəsi" Milli Assambleyada ən çox mandata malik ittifaq olub.

"Yeni Xalq Cəbhəsinin" sonra ikinci yerdə qərarlaşan prezident Makronun "Hamımız Respublika Naminə" ittifaqı və birinci turun qalibi olan ifrat sağçı "Milli Birlik" alyansı üçüncü yerdə qərarlaşıb.

Makron və solçuların ifrat sağçılara qarşı üstüörtülü əməkdaşlıq etdiyi bu gün keçirilən ikinci turda heç bir ittifaq Parlamentdə hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.

Seçkilərin qalibi, solçu "Yeni Xalq Cəbhəsi" alyansının ən böyük partiyası və Fələstinin tərəfdarı olan "Üsyankar Fransa"nın yeni hökumətin qurucu qüvvələrindən biri olub-olmayacağı hələ məlum deyil.

Seçki kampaniyasında sol ittifaq minimum əmək haqqını 1600 avroya çatdıracağına söz vermiş, həmçinin ərzaq, enerji və yanacağın qiymətlərini donduracağını vəd etmişdi.

Solçu ittifaq Fələstini rəsmən tanımağa söz verdiyi halda, həmçinin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa əməl etmədiyi təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi.

İcarəyə verilən subsidiyaların 10 faiz artırılması və pensiya yaşının 60-a endirilməsi də alyansın vədləri arasında idi.

İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölkədə Fələstinə dəstək nümayişlərinə rəhbərlik edən "Üsyankar Fransa" (LFI) partiyası, növbədənkənar parlament seçkilərində olduğu kimi Avropa Parlamenti (AP) seçkilərində də Fələstin məsələsinə dəstək verib.

Fransada Fələstini dəstəkləyən bəzi LFI millət vəkilləri "terror təbliğatı" səbəbiylə ifadə verməyə də çağırılıb.

--------------
06:06



Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Le Monde" qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.

İkinci yeri 168 mandat qazanan "Birgə!" prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə Milli Birlik olacaq.

Nəşrin məlumatına görə, "Respublikaçılar" da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olurlar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibinə müxtəlif kiçik sağçı və solçu birliklərin 39 nümayəndəsi daxil olacaq.

Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almır ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Fransanın Baş naziri Qabriel Attal bazar ertəsi istefa vermək niyyətində olduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun