Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

7 İyul 2024 18:46

İYİ Partiyanın millət vəkili Adnan Şefik Çirkin gündəmdə olan və futbolçu Merih Dəmirala iki matçlıq qadağaya səbəb olan bozqurd işarəsinin rəsmən türklərin milli simvolu kimi qəbul edilməsi ilə bağlı qanun layihəsini Türkiyə parlamentinə (TBMM) təqdim edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qanun layihəsində bəzi ölkələrdə bu simvolun siyasi hərəkat kimi qəbul edilməsinin doğru olmadığı vurğulanıb.

Çirkinin təqdim etdiyi qanun layihəsində bu ifadələr yer alıb:

"Cümhuriyyətin ilk dövrlərində Atatürk dövlət gerbi, poçt markaları və Kahramanmaraş qalasında tikdirdiyi bozqurd heykəli kimi bir çox yerdə bozqurd simvolundan istifadə edib. Amma son zamanlar bozqurd simvolunun dünyada yaşayan bütün türklər üçün mənasını anlaya bilməyən bəzi ölkələr müxtəlif səbəblərdən bu işarənin istifadəsini qadağan etməyə çalışıblar. Bu səbəbdən Türkiyə millisinin oyununda sevinci və qürurunu bozqurd işarəsi ilə istifadə edən idmançımızdan UEFA-ya şikayət edilib və cəzalandırılması istənilib.

Milli simvolumuzun Türkiyədən başqa bəzi ölkələrdə siyasi hərəkat kimi qəbul edilməsinin qarşısını almaq və bozqurdun ölkəmiz daxilində və xaricdə milli simvol kimi tanınması üçün bu qanunun qəbulu vacibdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun