FHN: Sarısu gölü ətrafındakı kəndlərin əhalisi köçürüldü - ƏLAVƏ OLUNUB
25 May 2010 11:10
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi xəbərə görə, mayın 24-də Sarısu gölü ətrafında bəndin yuyulması nəticəsində, daşqın suların ətrafa yayılması ilə əlaqədar təhlükəli hesab edilən ərazilərdə - Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərində; Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərində və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyində yaşayan əhali Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən təxliyyə edilib.
--------------------
Təxliyyədən imtina etmiş şəxslər
isə mayın 24-dən 25-nə keçən gecə ərzində qeyd edilən kəndlərdə suyun
səviyyəsinin artması səbəbindən təhlükə ilə üzləşib. Gecə və səhər saatlarında Fövqəladə Hallar
Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və nazirliyin Aviasiya dəstəsinin vertolyotları vasitəsilə, ümumilikdə 33
nəfər xilas edilib.
Hazırda hadisə yerində xilasetmə işləri, həmçinin, dağılmış bəndin bərpası istiqamətində müvafiq işlər davam etdirilir.
Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.
Milli.Az