Nə qədər ömrümüzün qaldığı gözümüzdən bilinəcək

30 İyun 2024 05:05

Nə qədər ömrünüzün qaldığını bilmək istərdinizmi?

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "British Journal of Ophthalmology" jurnalında dərc edilən bir araşdırma gözlərin ömür müddəti ilə bağlı bir çox ipucu daşıdığını göstərir.

Beynəlxalq tədqiqatçılar qrupunun fikrincə, insanın gözündəki torlu qişanın bioloji yaşı ilə ölüm riski arasında əlaqə var. 47 000 yetkin insanın iştirakı ilə aparılan araşdırmaya görə, torlu qişada bioloji saatla bağlı mühüm məlumatlar yer alır.

Gözün arxasında yer alan və vizual məlumatları qeyd edən, işığa həssas milyonlarla hüceyrədən ibarət olan torlu qişa insanın nə qədər ömrü qaldığını göstərə bilər. Belə ki, torlu qişası bioloji yaşından daha yaşlı olan fərdlərin növbəti 10 il ərzində ölmə ehtimalı daha yüksəkdir.

Bu araşdırmanın Alzheimer kimi xəstəliklər üçün xəbərdarlıq sistemi olaraq istifadə edilə biləcəyi deyilir.

Tədqiqatçılar 11 il ərzində 40-69 yaş arası iştirakçıları təhlil ediblər. Araşdırmada hər kəsin gözünün arxa səthi skan edilib. Eyni zamanda, məlumat bazasında yarım milyon iştirakçının genetik və sağlamlıq məlumatları qeydə alınıb. Tədqiqat qrupu torlu qişanın yaşının bir çox insanda fərqli olduğunu aşkar edib. Bundan sonra insanın bioloji yaşı ilə xronoloji yaşı, həmçinin torlu qişasının yaşı müqayisə edilib.

Bu fərqlər ürək xəstəliyi və ya xərçəng riskindən başqa, müxtəlif ölüm riskləri ilə əlaqələndirilir. Alimlər yüksək qan təzyiqi, bədən kütlə indeksi, həyat tərzi fərqləri və etnik mənsubiyyət kimi faktorları nəzərə alıblar.

Elm adamları torlu qişadakı səbəbli və ya səbəbsiz yaş artımının hər il üçün ölüm riskini 2% artdığını müşahidə ediblər. Tədqiqatçıların fikrincə, xəstəlik və ölüm riski yaşa görə inkişaf edərkən, eyni yaşda olan insanlarda da torlu qişanın transformasiyası dəyişir.

Tədqiqatın müəllifləri insanın torlu qişasının yaşını dəqiq proqnozlaşdırmaq üçün süni intellektdən istifadə ediblər. Üç ildən çox bir müddətdə təxmin edilən retina yaşı ilə faktiki yaş arasında ümumi düzgün əlaqə müşahidə edilib.

Nəticələrə görə, torlu qişası həqiqi yaşından daha qoca olan şəxslər "sürətlə qocalma" kateqoriyasına daxil ediliblər. Bu qrup adətən 3 ildən çox retina yaş fərqinə malikdir.

Ümumilikdə, tədqiqatın 28%-də beş illik, 4,5%-də isə 10 ildən çox retinal fərq olub.

Tədqiqatçılar torlu qişanın yaş fərqi ilə ölüm riski arasında davamlı güclü əlaqə olduğunu sübuta yetiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun