Azərbaycanda yeni cərimələr təsdiqləndi - VİDEO

29 İyun 2024 11:46

Velosipedlər üçün nəzərdə tutulan zolaqla hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə olunacaq. Həmin sürücünün inzibati xətası həm də 2 balla qiymətləndiriləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslərə gəlincə, əgər  yol hərəkəti qaydalarını pozarlarsa, 40 manat cərimə ödəməli olacaqlar.

Bundan başqa, taksi dayanacağında avtomobil saxlayanlar 40 manat, səkilərdə dayanma-durma ilə bağlı 60 manat, sürücülük hüququ olmadan avtomobil idarə edənlər 200 manat cərimə ediləcək.

Parklanma qaydalarının pozulmasına görə də yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrini onlar üçün ayrılmış parklanma yerlərindən kənarda saxlayanlar 10 manat, nəqliyyat vasitələrini xidməti parklanma yerlərində saxlayanlar 40 manat, ödəniş etmədən parklanma yerini tərk edənlər 20 manat,  parklanma qaydasını pozanlar  20 manat, əlilliyi olan şəxslərin avtomobilləri üçün parklanma yerində saxlayanlar 60 manat cərimə olunacaq.

İlk dəfə velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər  400 manatdan 500 manatadək , hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun