Şuşa “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir - FOTO

28 İyun 2024 09:35

Şuşada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digərləri iştirak edir.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunub.

Bundan başqa, sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin, G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində sahibkarlar iqtisadi fəaliyyəti canlandırmaq və dayanıqlı məskunlaşmanı təmin etmək məqsədilə artıq Ağdam Sənaye Parkında yaradılan şərait, rezident müəssisələr, eləcə də Şuşa və Xankəndi şəhərlərində həyata keçirilən yenidənqurma və infrastruktur işlərinin gedişatı ilə yaxından tanış olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun