2019-cu ildə ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və milyonlarla insanın ölümünə səbəb olan koronavirus yenidən Avropada qorxu yaratmağa başlayıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası hazırda Böyük Britaniyada yenidən vüsət alıb.
Rəsmi məlumatlara görə, FLiRT olaraq da bilinən Covid-19-un yeni variantının alt variantı olan KP.3 aprel ayında ortaya çıxıb. Son vaxtlar bu virusa yoluxma hallarının sayı sürətlə artır.
2024-cü ilin aprel ayına olan məlumata görə, FLiRT variantı ölkədəki bütün Covid-19 variantlarının 40 faizini təşkil edib, xəstəxanaya yerləşdirilmə nisbətləri isə 22 faizdən 24 faizə yüksəlib.
Digər tərəfdən İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi kişilərin qadınlara nisbətən bu xəstəliyə daha çox yoluxduğunu açıqlayıb.
İyunun 1-dən iyunun 19-dək bu virusa yoluxan qadınların sayı hər 100 000 nəfərə 3,63, kişilər üçün isə 3,88 olaraq qeyd edilib. İyunun 17-dək bu rəqəm hər 100 min nəfərə 4,4-ə çatıb.
İngiltərə mətbuatına danışan Leeds Universitetinin professoru Stiven Qriffin "Yeni Covid-19 dalğasının yarandığını" bildirib.
"İndiki vaksinlərin yayılan viruslara təsiri qeyri-müəyyəndir", - deyə o qeyd edib.
Səlahiyyətlilər yeni Covid-19-un simptomlarını aşağıdakı kimi sıralayırlar:
- Yüksək hərarət və titrəmə
- Uzun müddət davam edən öskürək
- Dad və qoxu itkisi
- Nəfəs darlığı
- Yorğunluq
- Bədən ağrısı
- Baş ağrısı
- Boğaz ağrısı
- Burun tutulması və ya burun axması
- İştahsızlıq
- İshal
- Ürəkbulanma
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun