Ermənistanın və Makronunun məsuliyyətsiz davranışları regionda müharibəni qaçılmaz edir

22 İyun 2024 14:52

30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüzminlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyan, Azərbaycan Respublikasının suveren ərazilərində etnik zəmində soyqırım cinayətləri törədən, misli görünməmiş vandalizm aktları həyata keçirən Ermənistanın hücum silahlarıyla təmin olunması, hərbi avantüraya sövq edilməsi istiqamətində atılan davamlı addımlar, bu təcavüzkar ölkənin yenidən təhlükəyə çevriləcəyi biləcəyi, dövlətimizin, xalqımızın, bütövlükdə isə regionun təhlükəsizliyinə real təhdid yaradacağı ilə bağlı ehtimalları daha da gücləndirir.

Milli.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, həm ikinci Qarabağ müharibəsinə qədər olan zaman kəsiyində, həm də daha sonra Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin sərgilədiyi təcavüzkar provaktiv davranışlar, rəsmi İrəvanın bəyanatları ilə onun real davranışları arasında ciddi fərq olduğunu ortaya qoyur.

"Kimsəyə sirr deyil ki, Nikol Paşinyan və rəhbərlik etdiyi hökumətin rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanatları Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, diplomatik məharəti və ordumuzun gücü qarşılığında ortaya çıxan, məğlubiyyətdən və məcburiyyətdən doğan nəticədir. Bu, həmin Paşinyandır ki, Azərbaycanın mədəniyyət paytaxtında ətrafındakı sərxoş cinayətkarlarla yallı gedərək "Qarabağ Ermənistandır və nöqtə" deyirdi və yalnız öz hikkəli iddialarının qarşısında, həmçinin işğalçı ordusunun başı üzərində "Qarabağ Azərbaycandır və nida" şüarından doğan, haqqın, ədalətin Dəmir Yumruğunu gördükdən rüsvayçı məğlubiyyətə uğradıqdan sonra geriyə addım atmaq məcburiyyətində qaldı", - siyasi şərhçi vurğulayıb.

E. Mirzəbəyli əlavə edib ki, Ermənistanın və himayəçilərinin bugünkü ərazi bütövlüyümüzə, təhlükəsizliyimizə real təhdid yaradılmasına, revanşizmin və təcavüzün yenidən baş qaldırmasına xidmət edən davranışları sübuta yetirir ki, rəsmi İrəvan nə İkinci Qarabağ müharibəsinin, nə də postmüharibə dövrünün dərslərindən nəticə çıxarmayıb və Nikol Paşinyanın hərbi-siyasi rejiminin mahiyyətində, ultramillətçi erməni təfəkkürünün alt qatlarında hər hansı bir dəyişiklik baş verməyib, sülhlə bağlı gəlişi gözəl bəyanat və açıqlamaların təməlində isə revanş üçün vaxt qazanılması amili dayanır.

"Azərbaycan dəfələrlə Ermənistana və himayəçilərinə, ilk növbədə isə Cənubi Qafqazı xarici müdaxiləyə açıq bir regiona və müharibə cəhənnəminə çevirmək istəyən Emmanuel Makrona dəfələrlə xəbərdarlıq edib və üçüncü müharibənin böyük bir regionun təhlükəsizliyin təhdid edən müharibə caniləri, sülh düşmənləri üçün nə ilə nəticələnəcəyini tam reallığı ilə təsəvvür etməyə əsas verən mesajlar səsləndirib. Əgər bütün bunların qarşılığında Ermənistan yenidən silahlandırılır, yeni hərbi avantüraya, müharibəyə sövq edilirsə, o zaman bu davamlı təxribatların üçüncü müharibə ilə nəticələnəcəyi, Azərbaycan xalqının və dövlətinin, eləcə də bölgənin digər xalqlarının təhlükəsizliyinə təhdid yaradan bütün amillərin birdəfəlik və həmişəlik aradan qaldırılacağı şübhəsizdir. Ermənistanın və Makron kimi hikkəsinə, qəzəbinə yenilən, məsuliyyətsiz və uğursuz siyasətçilərin təcavüzkar davranışları sübuta yetirir ki, Üçüncü Qarabağ Müharibəsi qaçılmazdır və bu müharibə Cənubi Qafqazın, bütövlükdə isə daha geniş subregionun 200 illik fitnə-fəsad ocağından, qara yaradan birdəfəlik xilas olması ilə nəticələnəcək. Qoy indi Makron bu barədə ciddi şəkildə düşünsün", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun