Rusiya Cənubi Qafqaza “dönür”: Primakov doktrinası...

22 İyun 2024 10:59

Hazırda ABŞ Vyetnamda öz təsirini gücləndirməyə davam edir. Ona görə də Vyetnam həm Çin, həm də Rusiya üçün təhlükə yarada biləcək "qarın boşluq"larından biridir. Vladimir Putinin Şimali Koreyadan sonra Vyetnama səfərinin əsas səbəbi budur.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professor Putinin bu səfərlə Vyetnamı Rusiyanın xeyrinə tərəf olmağa təşviq etmək məqsədi daşıdığını vurğulayıb:

"Moskva orada da müxtəlif yollarla öz siyasi təsir gücünü, nüfuzunu artırmaq niyyətindədir. Putin preventiv tədbir kimi bir sədd qurmaq və oraya Vyetnamı da qatmaq istəyir. Şimali Koreyadan fərqli olaraq Vyetnam kimi ölkələr daha çox balanslı siyasət yürütməyin tərəfdarıdır. Lakin onların artan təzyiqlər qarşısında bunu nə qədər davam etdirə biləcəyi sual altındadır. Çünki dünya balanslaşdırılmış xarici siyasətin öz əhəmiyyətini getdikcə itirdiyi, hər kəsin özünə tərəf seçdiyi bir dövrə girir".

Alim baş verənlərin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyini bildirib:

"Rusiya xarici siyasətində növbəti dəfə Primakov doktrinasının və yaxın çevrə anlayışının ön plana çıxdığını deyə bilərik. Əgər içində olduğumuz proseslər belə sürətlə davam etsə, bunun Mərkəzi və Cənubi Asiyaya, Cənubi Qafqaza təsirləri olacaq. Nəticədə böyük güc mərkəzləri arasında yaxın çevrə uğrunda mübarizə əhəmiyyətini artıracaq və şiddətlənəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun