Azərbaycan 2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidenti olacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. DVX-nın rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Baş Assambleyanın inzibati sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyi çıxış edib. 2023-2024-cü illər üzrə prezidentliyi barədə məlumat verən F. Vaquyhelyi bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib.
Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycanın Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli seçilib. Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.
Sessiyada çıxış edən O. Nəzərli beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə danışıb. Qeyd olunub ki, vergi inzibatçılığı yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahədir. Xidmət rəisi bildirib ki, son illər vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə olunur. Beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir.
O. Nəzərli Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyini ilk dəfə icra edəcəyini diqqətə çatdıraraq, iştirakçıları planlar barədə məlumatlandırıb. Bildirib ki, qarşıdakı dövr ərzində IOTA çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər edilməsi nəzərdə tutulur.
O. Nəzərli vergi administrasiyaları tərəfindən effektiv mexanizmlərin tətbiqi məqsədilə müasir tendensiyaların yaxından izlənilməsinin vacibliyini qeyd edib. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirən DVX rəisi Assambleyanın potensialının gücləndirilməsinin və imkanlarının artırılmasının başlıca prioritetlərdən olacağını vurğulayıb. Xidmət rəisi IOTA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçiriləcəyini qeyd edərək bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.
Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının sədri F. Vaguyheyli tərəfindən O. Nəzərliyə təqdim olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun