“Oğurluğu şikayətçinin oğlu törədib” - DİN

20 İyun 2024 13:03

Quba sakininin evindən oğurluq edən şəxslərin 1 aya yaxındır, azadlıqda gəzməsi ilə bağlı iddialara rəsmi münasibət bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən açıqlamaya görə, rayon sakini Zeynal Tarverdiyevin müraciəti ilə bağlı Quba RPŞ-də araşdırmalar aparılıb: "Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Qeyd edək ki, Z.Tarverdiyev Hurriyyet.az-a açıqlamasında mayın 30-da bir neçə nəfər şəxsin evindəki əşyaları oğurladığını, hətta qazi oğluna məxsus əlil arabasını apardığını bildirmişdi. O, aktlaşdırma işləri aparılsa da, oğruların bu günə qədər azadlıqda gəzdiyini iddia etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun