İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"

20 İyun 2024 08:56

İsrail ordusunun sözçüsü Hagarinin HƏMAS-la bağlı etirafı rəsmi Təl-Əvivdə etirazlara səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  "Kanal 13" televiziya kanalına müsahibə verən İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə etdiyi "Həması aradan qaldırmaq hədəfi"nə qarşı çıxıb.

"HƏMAS-ı məhv etmək fikri xalqın gözünə qum tökmək kimi bir şeydir. HƏMAS bir ideyadır, siyasi partiyadır. İnsanların qəlbində kök salıb. HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar" - deyə Hagari bildirib.

HƏMAS-ın yerinə başqa bir şeyin inkişaf etdirilməsinin lazım olduğunu müdafiə edən ordu rəsmisinə sərt reaksiya verən baş nazir Benyamin Netanyahu isə HƏMAS-ı hərbi və inzibati cəhətdən məhv etmək lazım olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun