İyunun 12-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kamaləddin Qafarov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri Pərvin Əkbərov, Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının binası önündəki abidəsinin önünə gül dəstələri qoymuşlar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü hər il ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılmasını, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsini vurğuladı. Vüsar İsmayılov çıxışında qeyd etdi ki, tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür və yeni imkanlar yaradılır. O, eyni zamanda TƏBİB-in fəaliyyətindən bəhs edərək, həkimlərə işlərində müvəffəqiyyətlər arzuladı.
Tədbirdə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri Pərvin Əkbərov əsası Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən səhiyyə siyasətinin əhəmiyyətli nəticələrindən danışdı. O, bütün sahələrdə müşahidə olunan nailiyyətlərin səhiyyə sahəsindən də yan keçmədiyini vurğuladı. Ölkə səhiyyəsinin artan imkanlarının daha da genişləndirilməsi məqsədilə davamlı və sistemli dövlət proqramlarının icra olunduğunu bildirdi. Pandemiya ilə mübarizə şəraitində ölkə səhiyyəsinin potensialının və peşəkarlığının nümunə olduğunu diqqətə çatdırdı. Pərvin Əkbərov bütün tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzuladı.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Bənövşə Hacıyeva dövlətimiz tərəfindən səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq əmin etdi ki, rayonun çoxsaylı tibb işçiləri üzərlərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.
Millət vəkili Kamaləddin Qafarov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğulayaraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.
Tədbirin sonunda fərqlənən bir qrup tibb işçisinə təşəkkürnamə və fəxri fərmanlar təqdim edildi.