Azərbaycanda hansı deputatlar ictimai nəqliyyatdan istifadə edirlər? - SORĞU

15 İyun 2024 14:49

Bəzi sivil ölkələrdə dövlət rəsmiləri, nazirlər, deputatlar ictimai nəqliyyatdan çox sıx istifadə edirlər. Hətta işə velosipedlə gedib-gələn məmurlar belə var. Azərbaycanda isə hansısa məmurun ictimai nəqliyyatdan istifadəsinə nadir hallarda rast gəlinir.

Milli.Az xəbər verir ki, "Report" ictimai nəqliyyatdan istifadə edib-etməmələri barədə deputatlar arasında sorğu keçirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc zərurət olduqda metrodan istifadə etdiyini, bu zaman gənclik illərini xatırladığını deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli zaman-zaman sürət qatarından istifadə etdiyini bildirib: "Metrodan istifadə etmirəm. Ötən il sürət qatarı ilə Gəncə şəhərinə səfər etmişəm".

Deputat qeyd edib ki, uzun zamandır metrodan istifadə etmir:

"Üç il əvvəl xüsusi tədbirdən sonra metroya daxil oldum. Tələbəlik illərimi xatırlayaraq bir neçə stansiya getdim. Mənə çox xoş oldu. Amma ölkə xaricində qatar və metrodan müntəzəm istifadə edirəm".

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov da sürət qatarından istifadə etdiyini qeyd edib: "Hətta hazırda qatarla Gəncəyə gedirəm".

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə həm qatar, həm də metrodan istifadə edir: "İki həftə əvvəl Gəncə qatarından, keçən həftə isə metrodan istifadə etmişəm".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib ki, nadir hallarda qatar, yaxud metrodan istifadə edir: "Sonuncu dəfə nə vaxt mindiyimi xatırlamıram".

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Qazax və Gəncə istiqamətində sürət qatarlarından istifadə etdiyini bildirib: "Metro mənə uyğun olmadığı üçün nadir hallarda istifadə edirəm. Yaşadığım ünvan iş yerimə yaxındır. Avtomobillə saatlarla tıxacda qalmaqdansa, metrodan istifadə edərdim. Sürət qatarından isə Qazax və Gəncə şəhərlərinə səfər edərkən istifadə etmişəm. Qatarın rahat, komfortlu olması, ən əsası isə tez çatması məni məmnun etmişdi".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev vurğulayıb ki, qatardan istifadə etməyib: "Sonuncu dəfə aprel ayında metrodan istifadə etmişəm".

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı isə müntəzəm olmasa da, həm qatar, həm də metrodan istifadə etdiyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun