YARAT-da “Müşahidə olunmayan arzular” və Aydan Salahovanın “Sükutun səsləri” sərgiləri açılıb - FOTO

14 İyun 2024 18:38

YARAT Müasir İncəsənət Mərkəzində iki sərginin - tanınmış azərbaycanlı və rus rəssamı Aydan Salahovanın "Səssizliyin səsi" adlı fərdi sərgisinin və rəssamların "Müşahidə olunmayan arzular" adlı qrup sərgisinin açılışı olub.

Ekspozisiya YARAT-ın kolleksiyasında saxlanılan, həmçinin YARAT-ın sifarişi ilə müxtəlif illərdə hazırlanan və əməkdaşlıq layihələri çərçivəsində ərsəyə gələn - Zamir Süleymanov, Emin Əzizbəyli, Şəlalə Salamzadə, Rəsul Quliyev, Vaciko Çaçxiani, Ritz Mone və Timo Herbstin videoəsərlərini bir araya gətirib.

"Müşahidə olunmayan arzular" qrup sərgisi cəmiyyətin müxtəlif reallıqlarına və onlardan qaynaqlanan təzadlı arzuların üzərinə fokuslanır. Sərgi sürətli dəyişikliklər və gözlənilməz çağırışlarla zəngin olan müasir dünyada sosial dəyərlərin və iqtisadi rifahın hansı şərtlərdə böhranlarla əvəz olunduğunu və bu dəyişikliklərin cəmiyyətin fərqli təbəqələrinə necə təsir etdiyini araşdırır. Bu prosesin nəticəsi olaraq cəmiyyətin daha incə və mürəkkəb mənzərəsi ortaya çıxır ki, bu da onun həssas və müxtəlif yönlərini əks etdirib.

Mifoloji istinadları müasir reallıqlara adaptasiya edən rəssamlar videoəsərlərindəki qəhrəmanlarının "müşahidə olunmayan" arzularını "səsləndirməyə" çalışırlar. Ekspozisiyanı başlayan Şəlalə Salamzadənin 2021-ci ildə "Günəş şəhəri" adlı qrup sərgisi üçün Azərbaycan mifologiyasına söykənərək hazırladığı "Distopiya" videosunda arzuolunmayan məkandan (distopiya) qovulan insanların mütləq arzuolunan məkana (utopiya) qayıtmalı olduğunu bildirib.

Rəsul Quliyevin eyni sərgidə yer alan "Sonsuz yarış" adlı 3-kanallı videosu "Pandoranın qutusu" əfsanəsinə əsaslanaraq çəkilib və ümidin insanları heç vaxt bitməyən yarışa məcbur etməsindən bəhs edir. 2019-cu ildə YARAT-ın rezidenti olmuş italiyalı rəssam Ritz Mone 2-kanallı videosunda pullar vasitəsilə avrozonanın bütün xalqlarını birləşdirə biləcək kollektiv arzu haqqındakı düşüncələri paylaşaraq sovet illərində ittifaq boyunca tikilmiş eynitipli memarlıq və heykəltəraşlıq abidələri ilə paralel aparır. YARAT-ın digər rezidenti olmuş almaniyalı rəssam Timo Herbst "Baku/Bakı - Ana dili" adlı videosunda cəmiyyətin diferensiallaşdırılmış və həssas obrazını yaradıb.

Gürcü rəssamı Vaciko Çaçxianinin "Titrəyən ürək" filmi məşhur gürcü nağılına müraciət edir - ailə, milli mənsubiyyət və kimlik anlayışlarına yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Ekspozisiyanı tamamlayan YARAT-ın kolleksiyasından Zamir Süleymanovla Emin Əzizbəylinin həmmüəllif olduqları "Astar" adlı videosu, gənc oğlan simasında Azərbaycan gəncliyinin xəyali həyatının "iç üzünü" açaraq həyatın müəyyən anında - arzu və ümidlərin tükəndiyi zaman gələn ümidsizlik mövzusunu səsləndirib.

Bundan başqa, YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan Salahovanın "Sükutun səsləri" adlı fərdi sərgisini təqdim edib.

"Sükutun səsləri" Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisidir. YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.

Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir - hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca "danışır" və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayıb.

"Sükutun səsləri" instalyasiyası ümid və xatirə simvoluna çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən - dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət edib.

Aydan Salahova (d. 1964, Moskva) rəssam, heykəltəraş və pedaqoq. 1987-ci ildə V.İ. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutu bitirib. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Aydan Salahova Moskvada açılan ilk müasir incəsənət qalereyası sayılan "Pervaya Qalereya"-nın həm təşkilatçılarından, həm də həmmüəlliflərindən biri idi (1989-1992). Daha sonra, 1992-2012-ci illərdə fəaliyyət göstərən "Aydan" qalereyasının təsisçisi olmuşdur.

Rəssam 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. 2002-2007-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, 2007-ci ildən isə həqiqi üzvü seçilmişdir. Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki obrazı mövzularını araşdırır. Rəssamın "L'escala daurada" (Imaginart, İspaniya, 2023); "Gizli ornament" ("Triumf" qalereyası, Rusiya, 2022); "Yeni müqəddəslər" (Rus Dövlət Muzeyi nəzdində Mərmər Sarayı, Rusiya, 2021); "The Dust Became the Breath" (Gazelli Art House, Böyük Britaniya, 2021); "Vices et vertus" (Müqəddəs Lu kilsəsi, Belçika, 2017); "Sabitlik" (Kuadro Müasir İncəsənət Qalereyası, BƏƏ, 2017) və s. fərdi sərgiləri keçirilmişdir. O, həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: "La voz velada" (La Neo Mudejar Muzeyi, İspaniya, 2024); "Sıxılmış yaddaş" (Gazelli Art House, Azərbaycan, 2023); "Kövrəklik" (MİA Art Collection, BƏƏ, 2023), "Vazari adlandırılıb. Dirçəliş" (Arsenal, A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Volqa-Vyatka filialı, Rusiya, 2022); "Şəxsi məkan" ("RuArts" qalereyası, Rusiya, 2022); 17-ci İstanbul Biennalesi (2022); "My One and Only" (Mario Mauroner Contemporary Art, Avstriya, 2022) və s.

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun