Hazırda Ermənistanda baş verən proseslərdən açıq aydın görünür ki, ölkədə ciddi siyasi böhran var. Baş nazir Nikol Paşinyan hadisələrə nəzarət edə bilmir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, son günlər Nikol Paşinyan davamlı olaraq sülh mesajları verirdi, hətta sülh müqaviləsi imzalanana kimi Azərbaycanla kommunikasiyaların açılmasının mümkünlüyünü bildirirdi.
"Amma artıq iki gündür ki, Naxçıvanda mövqelərimizin davamlı atəşə tutulması bir daha sübut etdi ki, Paşinyan sülh bəyanatlarında ya səmimi deyil, ya da Ermənistan ordusuna nəzarəti itirib. Məlum məsələdir ki, Ermənistan ordusunda da revanşist və separatçı qüvvələr var. Onlar Azərbaycana qarşı hərbi təxribatlar törətməklə sülhə mane olmağa çalışırlar.
Görünən odur ki, həm iştirakçı qüvvələr, həm də ordudakı revanşistlər xarici dairələrin diqtəsi ilə hərəkət edir və bu Ermənistanı daha böyük faciələrə sürükləyir. Xüsusilə də, Paşinyanın KTMT-dən çıxmaq istəyi, Fransa hərbi kontingentinin Ermənistana gətirilməsi cəhdləri Cənubi Qafqazda yeni təhlükələrə yol aça bilər. Sirr deyil ki, Qərb bölgəmizdə yeni münaqişə yaratmağa çalışır. Amma hesab edirəm ki, bölgə ölkələri, xüsusilə dünyada öz mövqeyini qətiyyətlə diqtə edən qüdrətli Azərbaycan bu planları pozacaq", - deyə S.Kərimli qeyd edib.
Verilişin geniş versiyasını təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun