Burundidən olan milyondan çox qaçqın Tanzaniyadan geri qaytarılıb

9 İyun 2024 22:45

2017-ci ildən indiyədək Tanzaniyanın qərbindəki düşərgələrə sığınan təxminən 1,1 milyon burundiyalı qaçqın könüllü olaraq vətənə qaytarılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Burundinin Daxili İşlər Nazirliyinin daimi icraçı katibi Teofil Ndarufatiyeyə istinadən xəbər yayıb.

O əlavə edib ki, Burundinin daha 100 min nəfərə yaxın qaçqını hələ də Tanzaniyanın qərbindəki Kiqoma regionundakı Ndut və Nyaruqusu düşərgələrindədir. Ndarufatiye bu açıqlamanı Tanzaniyanın daxili işlər naziri Hamad Masauni ilə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də iştirak etdiyi görüşdə verib.

Hər iki tərəf qeyd edib ki, qalan qaçqınlar ilin sonuna qədər könüllü olaraq geri qaytarılmalıdır. Ndarufatiye Tanzaniya hökumətinə Burundi qaçqınlarını yerləşdirdiyinə görə təşəkkür edib.

Burundi qaçqınlarının könüllü repatriasiyası 2017-ci ilin sentyabrında iki ölkə liderinin Burundidə sülhün bərpasından məmnun olduqlarını bildirdikdən sonra başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun