Sülh müqaviləsi nə vaxt və necə imzalanacaq?

7 İyun 2024 14:47

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı ehtimallar çoxdur. Bəziləri sənədin Bakıda keçiriləcək COP29 sammitinədək imzalanacığını deyir, bəziləri tam əksinə - müqavilənin imzalanması prosesində yeni problemlər yarandığı üçün tələsməməyi məsləhət bilirlər.

Belədirsə, Bakı-İrəvan trekindəki proses nə zaman məntiqi və müsbət sonluqla bitəcək?

Sual ritorik təsir bağışlasa da, yetərincə sadədir. Cavab isə bir neçə ehtimal və proqnozdan ibarətdir ki, istisnasız olaraq hamısı bu və digər şəkildə indiki vəziyyətlə, həmçinin yaxın perspektivdə yaşana biləcək olaylarla bağlıdır.

Ehtimallara tezis və antitezis formatında nəzər salaraq təhlil etməyə çalışaq.

1. Sülh sazişi COP29-a qədər imzalanacaq. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.

Bakıda keçiriləcək COZ-29 ilə bağlı Ermənistanın da gözləntiləri var. Belə ki, erməni mediasında yer alan iddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya səfəri istisna deyil.

Rəsmi İrəvan bu iddianı tdərhal təkzib etsə də, məlumatın feyk qismində belə, yayılması göstərir ki, Ermənistanın hakimiyyət dairələri noyabr ayınadək sülh sazişinin imzalanmasında maraqlıdırlar. "Maraq" anlaşılandır: Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasının preambulasında "Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan ərazisidir" ifadəsi yer alıb.

İndi nə o muxtar vilayət, nə də Dağlıq Qarabağ ölkəmiztin ərazi-inzibati bölgüsündə olmasa da, Ermənistanın ali qanununda Azərbaycana qarşı ərazi iddiası qalır. Sülh sazişinin dayanıqlı olması üçün Ermənistanda ölkəmizə qarşı hər hansı revaşizm cəhdləri və ərazi iddiaları üçün qanuni əsas olmamalıdır. Bundan başqa, Bakı və İrəvan arasında sülh sazişi imzalansa belə, Ermənistandakı revanşistlər bu sənədin ölkə Konstitusiyasına zidd olduğunu deyəcəklər. Belədə, Ermənistanın Konstitusiya Məhkəməsi sənədi qeyri-legitim də elan edə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan da məhz bu səbəbdən tələsir, sülh sazişini mümkün qədər tez imzalamaq istəyir. Sənədin COP29 başlayana qədər imzalanacağı ilə bağlı narrativlərin ünvanının Ermənistan olmasının səbəbi də elə budur. Fəqət, rəsmi İrəvan Konstitusiyaya zəruri dəyişikliklər etməzsə, imzalanacaq sülh sazişi istənilən an İrəvan tərəfindən mübahisələndirilə bilər.

2. Ermənilər "biz hazırıq" söyləyirlər. Bu nə deməkdir? Ermənistanın XİN-i "sülh sazişinin bir ay ərzində imzalanması mümkündür" bəyanatı əslində bravurluq, illüziyalarla reallığın sintezidir.

Bundan başqa, Ermənistan XİN nədənsə hesab edir ki, Konstitusiyaya zəruri dəyişikliklər və Azərbaycana qarşı ərazi iddiasının bu sənəddən çıxarılması "rəsmi Bakının Ermənistanın daxili işlərinə müdaxilə cəhdidir".

Tam absurd və idiotik açıqlamadır.

Azərbaycana qarşı ərazi iddiasının ləğvinin tələbi ölkəmizin tam qanuni, beynəlxalq hüquqa uyğun şərtidir. Həmin iddianın ləğv edilməməsi Azərbaycan üçün Ermənistana qarşı hərbi əməliyyatlara başlamağa tam qanuni, legitim əsas, yəni "casus belli" ola bilər. Təbii ki, biz savaş istəmirik - amma ərazilərimizə kimsənin iddia etməsi, ələlxüsus da həmin iddianın Konstitusiyada yer alması ilə razılaşmaq niyyətimiz də yox.

3. Nikol Paşinyanın məqsədi nədir? Ermənistandakı proseslərin gedişatı göstərir ki, Nikol Paşinyan onu devirmək və hakimiyyətdən kənarlaşdırıb həbsxanaya atmaq istəyən arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarının potensialını zəiflədə bilib. Erməni kilsəsi, ABŞ, Rusiya və Fransadakı erməni icmalarının diaspor təşkilatları, əslən Qarabağdan olan ermənilərin "qarabağlılar klanı"nın və bu klanın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın birgə fəaliyyət göstərdikləri müvəqqəti alyansın kinetik enerjisi artıq tükənmək üzrədir.

Keşiş Baqratın potensial siyasi enerjisi zatən minimum həddə olduğundan, Paşinyan hakimiyyəti narahat deyildi.

Ermənistan Konstitusiyası ilə bağlı İrəvandakı hakimiyyəti şapito oyunlarına rəğmən, rəsmi Bakı sülh danışıqlarını inensiv davam etdirmək niyyətindədir. Danışıqlarda müsbət irəliləyişlərin olduğu da vurğulanır. Həmin irəliləyişlər barədə heç bir təfərrüat açıqlanmasa da, tərəflər arasında müəyyən və konkret razılaşmaların artıq əldə olunduğunu ehtimal etmək olar.

Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 sammitinə qatılmayacağı barədə rəsmi açıqlama isə faktiki olaraq sülh sazişinin bu ilin sonunadək imzalanmayacağı anlamına gələ bilər.

4. Sülh sazişindən əvvəl delimitasiya? Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi artıq başlanıb. Qazax rayonunun 32 ildən bəri Ermənistanın işğalında qalmıq 7 kəndinin 4-nün azad edilərək qaytarılması prosesi delimitasiya prosesinin real başlanğıcı oldu.

Həmin proses başlanan kimi, yəni aprelin 19-da arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərliyi ilə etiraz aksiyalarına start verildi. Paşinyan hazırda o aksiyaların müqavimət potensialını zəiflədərək Qalstanyanı irəli çıxaraq qüvvələrin qarşısından geri çəkilməyib. Tam əksinə, İrəvandakı hakimiyyət "Kilsə-Diaspora - Qarabağlı ermənilər klanı" triousunun üzərinə gedərək onları dağıtmağa başlayıb.

Belədə delimitasiya prosesininr davam edəcəyini və uğurla başa çatacağını demək olar.

Növbəti mərhələ sülh sazişinin imzalanmasıdır. Əgər Nikol Paşinyan vəziyyəti olduğu kimi saxlayarsa və Ermənistan Konstitusiyasına zəruri dəyişikliklərə nail olmazsa, İrəvan bölgəmizdəki bütün regional layihələrdən kənarda qalmağa davam edəcək.

Hələlik delimitasiya prosesi gedir - sülh sazişinin onunla paralel şəkildə imzalanacağı, yaxud sözügedən prosesdən sonra olacağı İrəvandan asılıdır.

5. Ermənistanda referendum olacaqmı? Cənubi Qafqazda dayanıqlı sülh və stabil təhlükəsizliyin bərqərar olması üçün yekun sülh sazişi şərtdir. Bunun üçünsə Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir. Nikol Paşinyan referendum üçün əsaslı və erməniləri inandıracaq səbəb tapmalıdır.

Azərbaycana qarqşı ərazi iddialarının erməni Konstitusiyasında qalmaası hansısa dayanıqlı sülhlə bağlı ehtimalları minimuma endirir.

Ermənistan rəhbərliyi indi ciddi düşünməli, perspektivi və inkişafı istəyirsə gərəkli addımlar atmalıdır.

Elçin Alıoğlu
TREND