Ermənistan sülhü uzadır: İrəvan yeni bəhanələr axtarır

6 İyun 2024 14:20

Ermənistan sülh danışıqları prosesini uzatmaq üçün bu dəfə də "Konstitusiya məsələsi"ni gündəmə gətirərək uzun müzakirələrə bel bağlayır.

Ermənistanın XİN başçısı Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında deyib: "Ermənistan da, Azərbaycan da uzunmüddətli sülhün bərqərar olması yolunda bir-birlərinin konstitusiyalarında maneələr görürlər. Lakin konstitusiyalara dəyişikliklər edilməsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyində yoxdur".

Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan bu minvalla öz aləmində "paritet" yaradır, problemi Bakı ilə "bölüşmək" və sonra da ümumiyyətlə, dezaviuasiya etmək istəyir.

Dayanıqlı sülhün bərqərar olması və münasibətlərin normallaşması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməsi zəruri, hətta qaçılmaz şərtdir.

İrəvandakı hakimiyyət isə normal davranmaq əvəzinə, siyasi manipulyasiyaya və klounadaya üz tutmaq qərarına gəlib.

Erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarını yatırmağın yollarını düşünən baş nazir Nikol Paşinyan orta statistik ermənilərin nəzərində "Bakının tələbləri qarşısında geri çəkilməyən sərt, iradəli və qətiyyətli lider" obrazına yiyələnmək istəyir.

Ararat Mirzoyanın ölkə parlamentindəki çıxışının məqsədi də İrəvandakı mövcud hakimiyyəti məhz "Ermənistanın və ermənilərin maraqlarını sonadək düşünən komanda" olduğunu, "Bakı ilə sərt dildə danışıqlar aparıldığını" göstərməkdir.

Azərbaycan Konstitusiyası ilə bağlı ermənilərin iddiaları gülüncdür. İrəvanı "narahat edən məqam" 1991-ci ilin oktyabrın 18-də qəbul deilmiş "Dövlət müstəqilliyi haqqında" Bəyannamənin ölkəmizin Konstitusiyasının preambulasında əks olunmasıdır. Həmin preambulada isə 1918-ci ilin mayın 18-də müstəqilliyini bəyan etmiş Azərbaycan Respublikasının varisi olduğuz vurğulanır.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 2-ci maddəsində yazılıb: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".

Ermənistanın siyasi elitalarını, mediasını və cəmiyyətini də narahat edən məqam elə budur. Onların fikrincə, Azərbaycan Demokratik Respublikasının ərazilərində indiki Ermənistanın əhəmiyyətli hissəsi vardı.

"Azərbaycan tarixi Konstitusiyasının problemli hissələrinə əsasən təqdim edir" tipli ifadələri dilə gətirən İrəvan rəsmilərinin bəyanatlarını əsasını da bəhs etdiyimiz nüans təşkil edir.

Halbuki Azərbaycanla Ermənistan arasındakı danışıqların bazisini tarixi və ya siyasi iddialar yox, ərazi iddialarından əl çəkərək dayanıqlı sülhə və stabil təhlükəsizliyə nail olmağın yollarının axtarışı durmalıdır.

Azərbaycanın Konstitusiyasında və ya mövcud qanunvericiliyində Ermənistana qarşı yönəlmiş ərazi iddiaları yoxdur.

Ermənistan Konstituasiyaında, habelə onun preambulasında (Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad) sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti "Ermənistanın tərkib hissəsi" kimi göstərilir.

Bundan başqa, məhz Müstəqillik Bəyannaməsindəki və Konstitusiyadakı məqamlara əsaslanaraq Ermənistan parlamenti 1992-ci ilin iyulun 8-də qəbul etdiyi qərarda bəyan etmişdi: "Dağlıq Qarabağın Azərbaycan ərazisi qismində göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməzdir".

1998-ci ildə də Azərbaycan vətəndaşı, əslən qarabağlı erməni olan Robert Köçəryan məhz bəhs etdiyimiz müddəalara əsasən Ermənistandakı prezident seçkilərinə burazılmışdı. Halbuki Ermənistan qanunvericiliyinə görə, ölkə vətəndaşı olmayan və ölkədə 10 il yaşamayan şəxs seçkilərdə namizəd kimi iştirak edə bilməzdi.

Göründüyü kimi, məhz Ermənistan Konstitusiyası sülh prosesinin qarşısındaki maneələrdən biridir. Şərti dövlət sərhədinin delimitasiyası prosesi Ermənistanın mövcud qanunvericiliyi baxımından tam legitimm proses olsa da, arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərliyi ilə aprelin 19-da başlanan etiraz aksiyaları erməni revanşistlərin sakitləşmədiyini göstərir.

32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək Azərbaycana qaytarılmasına belə etiraz edən və erməni kilsəsi, erməni diasporu, əslən Qarabağdan olan ermənilərin "qarabağlılar klanı"nın birləşərək yaratdıqları koalisiya vasitəsilə baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr sülh sazişinə ümumiyyətlə, isterik müqavimət göstərəcəklər.

Onların Ermənistan Konstitusiyasına və qanunvericiliyinə istinad edərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünsüz olduğunu bəyan edəcəklərini indidən təxminləmək mümkündür.

Ermənistan Konstitusiya Məhkəməsi də sülh sazişini qeyri-legitim elan edə bilər.

Sadalanan məqamları nəzərə alsaq, rəsmi Bakı sülh sazişin imzalanacı təqdirdə belə, Ermənistan Konstitusiyasında və qanunlarında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaların qalması ilə barışmayacaq. Həmin müddəalar erməni cəmiyyətində etnik dözülməzlik, ərazi iddiaları və revanşizm ideyalarının daimi triqqeri rolunu oynayır.

Sülh sazişinin real anlaşmaya çevrilməsi üçün Ermənistan Konstitusiyaına dəyişikliklər olunmalıdır. Özü də mütləq şəkildə.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib və ölkənin ali qanunun sülh prosesinə maneələr yaratdığını deyib.

Amma onun cəsarəti etiraf həddini keçməyib: Paşinyan indi, etiraz aksiyalarının səngimədiyi və erməni cəmiyyətində revanşizm duyğularının çox güclü olduğu dönəmdə Konstitusiyaya dəyişikliklər edilməsi təklifi ilə çıxış etməkdən qorxur.

Bu qorxu və təlaş isə sonradan ger dönüşü olmayan seçimə çevrilə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan qərarlı olmalı, iradəli davranmalı və revanşistlərlə millətçilərin qarşısından geri çəkilməməlidir.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesi nə qədər uzanarsa, İrəvandakı hakimiyyətin problemləri bir o qədər artacaq və sonra Paşinyan həmin problemlərin öhdəsindən gəlməyərək yardım üçün "hami"lərinə müraciət etməli olacaq.

Belə yardımlar isə heç vaxt təmənnasız olmur.

Ermənistanın baş naziri Nikol Paşinyan payızda Bakıda COP29 sammitinin keçiriləcəyindən yararlanaraq sülh sazişini ölkə Konstitusiyasına dəyişikliklər etmədən imzalamaq fikrindədir.

Təsadüfi deyil ki, ABŞ, Avropa İttifaqı və Fransa da son vaxtlar sülh sazişinin imzalanması ilə bağlı tarixi şans yarandığının vurğulandığı bəyanatlar verir, prosesi tezləşdirməyə çalışırlar.

Azərbaycan üçün mühüm olan məsələ sülh sazişinin imzalanmasına yönəlmiş prosesin normal axarı və erməni revanşizminin baş qaldırmasına imkan verəcək istənilən şərtlərin zərərsizləşdiriliməsidir.

Nikol Paşinyan indi hakimiyyətdədir. Onu radikal, aqressiv və revanşist bir fiqur əvəzlərsə, nə olacaq? Elə bir vəziyyəti təmin etməliyik ki, Ermənistanda ən qatı revanşist belə, hakimiyyətə gələrsə, Azərbaycana qarşı hər hansı ərazi iddiası üçün zəmin tapılmamalıdır.

Elçin Alıoğlu
TREND