Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT: 9 nəfərdən 8-i qadındır - YENİLƏNİB - VİDEO - FOTO

6 İyun 2024 12:40

12:40

Xəbər verdiyimiz kimi, 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

Milli.Az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

Qeyd edək ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.

--------
11:40


İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.

 

---------
11:24


Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun