Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB - FOTO

6 İyun 2024 18:01

Bakı Enerji Forumu başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumun bu gün keçirilən panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunub.

----------

09:34

Bakı Enerji Forumunun ikinci günü keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumun ikinci günündə keçiriləcək panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

"Uniper" vitse-prezidenti Mixael Hilmer29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib ki, şirkətləri 2040-cı ilə qədər iqlimə neytral şirkət olmağı hədəfləyir.

"Şirkətimizin aydın iqlim məqsədləri var. Almaniya 2045-ci ilədək, "Uniper" isə 2040-cı ilədək iqlim baxımından neytral olmağı hədəfləyir. Bununla belə, qaz mühüm keçid yanacağı olaraq qalır və qalacaq. Məsələ keçid dövrünün nə qədər davam edəcəyindədir. İndi buna dəqiq cavab verə bilmərik. Qaz əsasən sənaye tərəfindən istehlak olunur. Bir neçə böyük istehlakçı ağır sənayedə, xüsusilə poladtökmə və kimya sahələrindədir, lakin bu, bütün istifadəçilərə aid deyil. Bu, yaxn gələcəkdə nisbətən asan əldə edilən və əlçatan olacaq. Beləliklə, sənaye hələ uzun müddət təbii qazdan asılı qalacaq və onu əvəz etmək asan məsələ olmayacaq", - o deyib.

Hilmer həmçinin "Uniper"in Bakı Enerji Həftəsi çərçivəsində bir sıra danışıqlar apardığını qeyd edib

"Biz bu konfransda uzun illərdir ki, iştirak edirik və hər dəfə bu sahə üzrə bir çox tanınmış şəxsləri, dostları və həmkarları ilə görmək üçün əla fürsətdir. Konfrans daima yaxşı təşkil olunur və hazırki tədbir də istisna deyil", - deyə o əlavə edib.

MVM Group"un rəhbəri Karoli Tamas Matray 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində qeyd edib ki, ölkələrinin Azərbaycanla enerji sazişləri "MVM Group"un strategiyasının mühüm elementidir.

O, şirkətin "SOCAR Trading" ilə 100 milyon kubmetr qaz tədarükü ilə bağlı müqaviləsinin olduğunu və 2024-cü ildə 50 milyon kubmetrin artıq Macarıstanın qaz sisteminə daxil olduğunu qeyd edib. Dünən "MVM Group" Azərbaycanın "Şahdənizdə" payının 5 faizinin satın alınması haqqında müqavilə imzalayıb.

"Hazırda biz əsasən Rusiya qazından asılıyıq, lakin qaz mənbələrini şaxələndirməyə çalışırıq. Bu baxımdan Azərbaycanla əməkdaşlıq vacibdir", - deyə Matray vurğulayıb.

O həmçinin Macarıstan və Azərbaycan arasında dostluq əlaqələrinin qurulduğunu və ölkələrin enerji sahəsində əməkdaşlıq etdiyini qeyd edib.

"Macarıstanda ev təsərrüfatları və digər istehlakçılar qazdan aktiv şəkildə istifadə edirlər və biz Azərbaycanın simasında mühüm tərəfdaş görürük", - deyə o əlavə edib.

Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə direktoru Petr Binhak 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib ki, 2035-ci ilədək Çexiyada istehsal olunan elektrik enerjisinin təqribən 10 faizinin təbii qazın payına düşəcəyi gözlənilir.

"Hazırda Çexiyada elektrik enerjisi istehsalında qazın payı təqribən 5 faiz təşkil edir. 2035-ci ilədək elektrik enerjimizin təqribən 10 faizini təbii qazın payın düşəcəyini gözləyirik. Bu, bərpa olunan enerji mənbələri ilə birlikdə bizi 2050-ci ilədək iqlim neytrallığının təmin olunmasından ibarət olan son hədəfimizin əldə olunmasında irəliyə apara bilər", - o deyib.

Petr Binhak həmçinin Çexiyanın dənizə çıxışının olmadığını və 2022-ci ilədək ölkənin Rusiya qazından demək olar ki, 100 faiz, Rusiya neftindən isə 50 faiz asılı olduğunu qeyd edib.

"Lakin artıq Rusiyadan enerji asılılığını azaltmağa nail olmuşuq", - deyə o əlavə edib.

"VNG Handel & Vertrieb GmbH" şirkətinin idarəedici direktoru Konstantin Herzoq Von Oldenburq 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib ki, Almaniyanın "VNG" şirkəti gələcəkdə SOCAR tərəfindən hasil olunan qazı satacağına ümid edir.

"Biz qaz idxalı və topdan ticarəti sahəsində fəaliyyət göstərməklə, ildə təqribən 15-18 milyard kubmetr qaz satırıq. Mən qaz balansından danışmıram, söhbət Almaniya və qonşu ölkələrdə fiziki satışlardan gedir. Biz əvvəllər Almaniyaya Rusiya və Norveç qazını idxal edirdik. Bu ildən Əlcəzair qazının idxalına başladıq və gələcəkdə portfelimizi SOCAR-ın hasil etdiyi qazla tamamlayacağımıza ümid edirik", - o deyib.

bp şirkətinin Qaz və az karbonlu enerjinin inkişafi üzrə vitse-prezidenti Katerina Papaleksandri 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib ki, təbii qaza tələbat bundan sonra uzun illər davam edəcək.

"Qaz mühüm yanacaq növüdür və bu cür də qalacaq. Hesab edirik ki, təbii qazın rolu və ona tələbat bundan sonra da uzun illər davam edəcək. Bu kömürüb daha ucuz və daha təmiz alternatividir, qaz həmçinin emissiyaları azaltmağa kömək edə bilər", - o deyib.

Onun sözlərinə görə, qaz bərpa olunan enerji mənbələrini ehtiyat enerji ilə təmin edir və onların fəaliyyətində fasilələr problemini həll edir. Eyni zamanda, Katerina Papaleksandrinin fikrincə, təbii qazın saxlanma xərcləri kifayət qədər aşağıdır.

SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova 29-cu Bakı Enerji Forumunda deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz hasilatı və maye təbii qaz (MTQ) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.

"Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirərək genişləndiririk. Bunun bariz nümunəsi bu yaxınlarda BƏƏ-də neft layihəsində 3% iştirak payının satın alınmasıdır. Hasilat sahələrində, eləcə də MTQ üzrə digər layihələr də planlaşdırırıq", - o deyib.

S. Bünyatova xarici investorların Azərbaycanın neft-qaz hasilatı sektoruna marağının artdığını qeyd edib.

"Hasilat sektoruna qoyulan investisiyaların həcmi əvvəlki illərlə müqayisədə artır. Bundan başqa, belə bir anlayış var ki, Aİ-də qaza olan tələbatı qazın hasil olunduğu ölkələrdəki yataqlara aşağı investisiyalarla qarşılamaq mümkün deyil", - deyə o bildirib.

Onun sözlərinə görə, SOCAR hazırda qaza olan tələbatla əlaqədar olaraq, diqqətini müvafiq yataqlarda işlərin sürətləndirilməsinə yönəldib.

"Xüsusən, hazırda "Abşeron" yatağının tammiqyaslı işlənilməsinə üzrə fəaliyyəti sürətləndirməyə çalışırıq və layihə tərəfdaşlarımızla müvafiq müzakirələr aparırıq", - o deyib.

S.Bünyatova həmçinin qeyd edib ki, SOCAR "ADNOC" şirkətinin "Abşeron" layihəsinə daxil olmasını alqışlayır və bu şirkətlə əməkdaşlığın uzunmüddətli olacağına inanır.

O, əlavə edib ki, yaxın vaxtlarda "Azəri-Çıraq-Günəşli" yatağından ilk dərin qazın çıxarılması gözlənilir və "Ümid-Babək"də də iş gedir.

O əlavə edib ki, yaxın vaxtlarda "Azəri-Çıraq-Günəşli" yatağından ilk dərin qazın hasil edilməsi gözlənilir və "Ümid-Babək" üzrə işlər görülür.

"Baker Hughes" şirkətinin Xəzər regionu və Ukrayna üzrə direktoru Karlo Beltrame isə 29-cu Bakı Enerji Forumu çərçivəsində "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları" panel müzakirəsində bildirib ki, Naxçıvanda geotermal enerji mənbələrinin işlənilməsi üçün böyük potensial var.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, eləcə də Naxçıvanın "yaşıl" zonalara çevrilməsi ideyası mövcuddur. Bu ərazilər üçün şübhəsiz ki, vacib olacaq aspektlərdən biri bu zonaların geotermal potensialıdır. Mən özüm bir neçə il əvvəl Naxçıvanda oldum və əmin oldum ki, orada həqiqətən kifayət qədər suyu olan isti quyular var ki, bu da geotermal enerjidən istifadə üçün zəruri olan iki əsas xüsusiyyətdir", - deyə o bildirib.

Onun sözlərinə görə, potensial enerji tədarüklərini müəyyən etmək üçün bu ərazilərdə kəşfiyyat aparılmalıdır.

Bundan başqa, SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib ki, Azərbaycan 20-25 milyon ton neftin qəbulu və aşırılması imkanına malikdir.

Onun sözlərinə görə, Azərbaycanın Xəzər sahillərində Dübəndi terminalları (ildə 10 milyon ton neft və neft məhsulları üçün) və Qaradağ rayonunda bir neçə terminal var.

Z.Qəhrəmanov qeyd edib ki, bu infrastruktur boru kəməri sistemi (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa), eləcə də Gürcüstan və Türkiyənin Qara dəniz limanlarına gedən dəmir yolu xətti ilə əlaqəlidir.

"Xəzəryanı ölkələr, xüsusən də Qazaxıstan və Türkmənistan Azərbaycanın tranzit potensialından istifadə edirlər", - deyə o bildirib.

SOCAR prezidentinin müşaviri əlavə edib ki, ötən il Qazaxıstandan tranzit yolu ilə təxminən 1,4 milyon ton neft tədarük edilib.

"Daha sonra 2,2 milyon ton tədarük haqqında razılaşma əldə olundu. Hazırda bu həcmin ildə 5-7 milyon tonadək artırılması məsələsi müzakirə olunur", - o deyib.

Daha sonra "MOL Group" şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Adam Homonnay 29-cu Bakı Enerji Forumu çərçivəsində "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları" panel müzakirəsində qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasil olunan neft artıq "MOL Group"un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına çatdırılır.

"AÇG Azərbaycandakı fəaliyyətimizdə əsas rol oynayır. Bu yataqdan hasil olunan neft artıq Macarıstan və Slovakiyadakı neft emalı zavodlarımıza çatdırılır. Qeyd etmək istərdim ki, "MOL" şirkətinin Azərbaycanda məqsədi uzunmüddətli perspektivdə konstruktiv və etibarlı tərəfdaş olaraq qalmaqdır", - o deyib.

Atlantik Şurasının (Atlantic Council) Qlobal enerji mərkəzinin baş direktoru Landon Derentz isə 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində əlavə edib ki, Azərbaycanın Xəzər regionunda aparıcı enerji qovşağına çevrilmək üçün unikal şansı var.

"Bu potensialdan səmərəli istifadə Xəzər hövzəsinin digər dövlətləri ilə fəal əməkdaşlıq tələb edir ki, bu da Orta Dəhliz vasitəsilə ticarəti genişləndirəcək. Öz enerji mənbələrini şaxələndirməyə çalışan Avropa ölkələri ilə ticarət əlaqələrin möhkəmləndirilməsi bir o qədər mühüm məqsəddir", - o deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi möhkəmlənməsinə kömək edəcək.

"Eyni zamanda, ölkə qlobal enerji bazarında öz nüfuzunu qoruyub saxlamaq üçün aktiv şəkildə təmiz enerji mənbələrini araşdırmalı və inkişaf etdirməlidir. Fikrimcə, Azərbaycan yeni çağırışlara uyğunlaşmağa və qlobal enerji sahəsində öz mövqeyini möhkəmləndirmək üçün imkanlardan istifadə etməyə hazırdır", - deyə L.Derentz əlavə edib.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva bildirib ki, təşkilati səviyyədə dəyişikliyə nail olmaq üçün dörd əsas istiqamətdən istifadə edirik:

"Təşkilatın "mühərrik"inin işləməsi üçün bu sahələr birgə çalışmalıdır. Bunlara korporativ strategiya, əməliyyat modeli, mədəniyyət və kontekst daxildir.

SOCAR 2035-ci ilədək korporativ strategiyasını müəyyənləşdirib. Biz, həmçinin, 2030-cu ilədək kəşfiyyat və hasilat zamanı sıfır çirklənmə səviyyəsinə və demək olar ki, sıfır metan emissiyasına nail olmaq öhdəliyi götürmüşük. Bunlar sadəcə qayda və öhdəliklər deyil, onlar artıq reallaşmağa başlamış konkret plan və fəaliyyətlərə çevrilir", - vitse-prezident deyib.

Onun sözlərinə görə, bu korporativ strategiya gündəlik fəaliyyət ilə şirkətin hansı istiqamətdə irəlilədiyi arasında əlaqəni görmələri üçün əməkdaşların diqqətinə çatdırılıb.

"Beləliklə, istiqamətimiz var, amma bu kifayətdirmi? Əməliyyat modelini dəyişdirməliyik. "BCG" kimi təşkilati inkişaf üzrə tərəfdaşlarımızla birlikdə necə fəaliyyət göstərdiyimizi və dəyər formalaşdırdığımızı müəyyən edən əməliyyat modelini nəzərdən keçirdik və yenilədik. Yeni əməliyyat modeli SOCAR-ı qarşıya qoyulan vəzifələrin və prioritetlərin həllinə daha da uyğunlaşdıracaq.

Əməliyyat modeli bir çox xüsusiyyətlərə malikdir. İcazənizlə, onlardan bəzilərini qeyd edim. Mühüm xüsusiyyətlərdən biri enerji keçidi və dekarbonizasiya ekologiyası seqmentinin tətbiqidir. Bu, sadəcə ayrı bir struktur deyil, biznesimizin mühüm hissəsidir", - o deyib.

Konsolidasiyadan danışan vitse-prezident SOCAR-ın 20-dən çox ölkədə nümayəndəliyi olan və bütün qitələrdə beynəlxalq səviyyədə biznes idarə edən böyük bir təşkilat olduğunu, ştatında 70 000-dən çox əməkdaşın çalışdığını və 100-dən çox şirkəti birləşdirdiyini qeyd edib.

"Çağırışların həlli üçün müntəzəm fəaliyyət göstərdiyimizdən, inteqrasiya olunduğumuzdan əmin olmalıyıq. Bununla əlaqədar olaraq baş ofisin qabaqcıl təcrübə mərkəzi rolu oynadığı və standartları müəyyən etdiyi yeni əməliyyat modelini tətbiq etmişik. Bu, müxtəlif coğrafi bölgələrdə fəaliyyət göstərməyimizə baxmayaraq, vahid yanaşmaya tərəfdar olmağımıza imkan verir", - o deyib.

"TotalEnergies" şirkətinin Birgə müəssisə və inkişaf direktoru Ceyson Fiş bildirib ki, "Abşeron" yatağının işlənməsinin birincin mərhələsində 2023-cü ilin iyulunda başlanan qaz və kondensat hasilatı bu karbohidrogenlərin sürətlə hasil olunduğundan xəbər verir.

"2023-cü ildə "Abşeron" yatağının işlənməsinin birinci mərhələsində təqribən 800 milyon kubmetr qaz və 300 min ton kondensat hasil edilib. hazırda yatağın qarşıdakı ikinci inkişaf mərhələsi ilə əlaqədar bütün məsələləri araşdırırıq. Xüsusən müqavilə sahəsinin bir sıra hissələrində tədqiqat işləri, dərin sularda kəşfiyyat işləri aparılır", - Fiş deyib.

O, yataqda istixana qazlarının emissiyalarına ciddi nəzarət aparıldığını qeyd edib.

"Həmçinin metan emissiyalarına nəzarət avadanlığı quraşdırmışıq. Bütünlükdə "daha çox karbohidrogen, daha az emissiya" strategiyamıza əməl edirik", - o deyib.

"Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı, insanlar və təşkilat təcrübəsi üzrə lideri Matteo Radiçe qeyd edib:

"2030-cu ilə qədər dünyada ənənəvi enerji mühüm dəyişikliklərə məruz qalacaq ki, bu da sahədə iş yerlərinin 30-40 faiz ixtisarına səbəb olacaq. "Yaşıl" enerjiyə keçid şəraitində müəyyən peşələrə tələbat necə dəyişəcək? Həmin dövr ərzində bərpa olunan enerji sektorunda təqribən eyni sayda - 25-30 faiz iş yeri açılacaq. Bu, bütün bu sahələrə təsir göstərən irimiqyaslı transformasiyadır. Bu məlumatları konkret rəqəmlərə çevirsək, 2030-cu ilə qədər 7 milyon iş yerinin boş qalacağını görə bilərik. Bu rəqəm bütöv bir ölkənin və ya meqapolisin əhalisinin sayına bərabərdir".

Energetika nazirinin müavini Orxan Zeynalov 29-cu Bakı Enerji Forumunda deyib.

"Dubayda keçirilən COP28 BMT-yə üzv ölkələrə qazıntı yanacaqlarından uzaqlaşmaq, istixana qazı emissiyalarını azaltmaq və hidrogen sahəsinin inkişafı üçün alətlər təqdim edib. Bakıda keçiriləcək COP29 konfransında enerji keçidinin necə həyata keçiriləcəyi, necə maliyyələşdiriləcəyi, özəl sektorun investisiyalarının necə cəlb ediləcəyi (stimullaşdırıcı sxemlər), istixana qazlarınını sıfır emissiyalarına necə nail olunacağı müzakirə ediləcək", - o deyib.

O, COP prosesinin fasiləsiz xarakter daşıdığını vurğulayıb.

"2023-cü ilin dekabrında Dubayda əldə edilmiş razılaşmaların icrasını davam etdirmək vacibdir. Ümumiyyətlə, bütün ölkələr eyni iqlim problemi ilə üzləşirlər, bu isə onlara qarşı vahid cavab və adaptasiya tədbirlərinin mümkün olması deməkdir", - nazir müavini deyib.

Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun