Bakı Enerji Həftəsinin keçirilməsi ənənə halı alıb. Bu tədbirin keçirilməsinin tarixi 30 il əvvəldən başlayır. Azərbaycanda ilk dəfə Bakı Enerji Həftəsi keçirilməyə başlananda ölkəmiz təzəcə müstəqilliyə qovuşmuşdu və müəyyən çətinliklərlə üz-üzə idi. Azərbaycanın dirçədilməsi üçün xarici investisyalar cəlb olunmalı idi.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, məhz 1994-cü ildə keçirilmiş Bakı Enerji Həftəsindən sonra "Əsrin müqaviləsi" imzalandı və ölkəmizin iqtisadiyyatına milyardlarla dollar sərmayə axmağa başladı.
"Bu gün keçirilən Bakı Enerji Həftəsi tamamilə fərqli yeni bir dövrdə daha geniş şəkildə baş tutur. 30 il əvvəl Bakı Enerji Həftəsi neft-qaz sektorunun dirçəldilməsinə hesablanmışdısa, bu gün həmin tədbir özündə "yaşıl" enerji sektorunu da ehtiva edir. Bu gün gündəliyimizə "yaşıl" enerjinin istehsalı ilə bağlı yeni çağırışlar daxil olub. 30 il əvvəl keçirdiyimiz Enerji Həftəsində az ölkənin bir neçə şirkəti iştirak edirdisə, bu gün 37 ölkədən 300 şirkət iştirak edir.
Həmin şirkətlər Bakı Enerji Həftəsi çərçivəsində elmin ən son texnologiyalarını nümayiş etdirirlər. Təbii ki, bu da həm neft-qaz sənayemizin inkişaf etdirilməsində, həm də "yaşıl" enerji mənbələrinin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın "yaşıl" gündəliyi çox genişdir. Ölkəmiz COP29-a ev sahibliyi alana qədər özünün "yaşıl" gündəliyini müəyyənləşdirmişdi. Belə ki, işğaldan azad olunmuş ərazilərimiz "yaşıl zona" elan olunmuşdu, ölkəmizin "yaşıl" enerji potensialı müəyyənləşdirilərək, 200 qiqavatt olduğu təsdiq edilmişdi.
Biz qazma enerjisindən gələn gəlirləri həm ölkəmizin inkişafına, həm də "yaşıl" gündəliyimizin dirçəldilməsinə istiqamətləndiririk. Azərbaycan "yaşıl" gündəliyini inkişaf etdirməklə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə də töhfə vermiş olur. Belə ki, istilik effekti yaradan qaz emissiyalarının azaldılması istiqamətində əməli addımlar atır. Bakı Enerji Həftəsi çərçivəsində 3 yeni bərpa olunan enerji stansiyasının təməlləri atıldı. Bu stansiyaların istifadəyə verilməsi ilə "yaşıl" enerji gücümüzə 1 qiqavatt yeni güc əlavə olunacaq.
Ümumiyyətlə, 2027-ci ilin sonuna qədər Azərbaycan 2 qiqavatt "yaşıl" enerji istehsal etməyi planlaşdırıb. Məhz "yaşıl" enerjinin istehsalı bizə qazın sərfiyyatına qənaət etməyə imkan verir.
Belə ki, 1 qiqavatt "yaşıl" enerjinin istehsalı 0,5 milyard kubmetr təbii qaza qənaət etməyimizə imkan verəcək. Biz 2027-ci ilə qədər Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırmışıq. Məhz "yaşıl" enerji sektorunun inkişafı sayəsində qənaət olunan qazı da Avropaya ixrac edə biləcəyik.
Avropaya qaz ixracının artması Avropada bərk yanacaqdan istifadə olunmasını azaldacaq. Bu da bizim qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyimiz töhfələrdəndir. Həm də ölkəmiz Avropaya "yaşıl" enerjini də ixrac edəcək. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə razılaşması sayəsində Qara dənizin dibi vasitəsilə "yaşıl" kabel magistralının tikintisinə yaxın zamanlarda başlanılacaq. Bu da istehsal edəcəyimiz bərpa olunan enerji resurslarımızı Avropa bazarlarına çıxarmağımıza imkna verəcək.
Bakı Enerji Həftəsi çərçivəsində bütün bu məsələlər ətrafında bir daha müzakirələr aparılır və proseslərin realladırılması istiqamətində ciddi addımlar atılacaq. Bakı Enerji Həftəsi həm də ölkəmizə yeni investisiyaların axınını sürətləndirəcək.
Enerji sektorumuzda əməkdaşlıq edən böyük aparıcı şirkətlər sözümüzün imzamız qədər möhkəm olduğuna inanıblar. Çünki biz imza qoyduğumuz bütün razılaşmaların icra olunmasına sadiqik. Ölkəmizdə Bakı Enerji Həftəsinin keçirilməsinin siyasi əhəmiyyəti də çox böyükdür. Bu, ölkəmizin siyasi mövqelərini gücləndirir və dostlarımızın sayını artırır. ABŞ, İngiltərə və Türkiyənin dövlət başçılarının təbrik məktubları göndərməsi Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətinin göstəricisidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik ölkəyə çevrilib. Ölkəmiz əməkdaşlıq edən hər bir tərəfdaşa sülh, əmin-amanlıq, qarşılıqlı fayda və inkişaf gətirir", - deyə deputat əlavə edib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Bakı Enerji Həftəsində müzakirə edilən mövzular ölkəmiz və bölgəmiz üçün çox önəmlidir.
"Enerji təhlükəsizliyi, Xəzər və rejionda kəşfiyyat və hasilat imkanlarının artırılması və "yaşıl enerji potensialı kimi mövzulara baxanda tədbirin nə qədər əhəmiyyət kəsb etdiyini müşahidə etmək olar. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti artmaqdadır. Artıq ölkəmiz xarici investorları "yaşıl" enerji sahəsinə uğurla cəlb etməyə başlayıb. Bu sahədə Azərbaycanın potensialı böyükdür. Digər tərəfdən, ölkəmizin artan enerji əlaqələri, satış bazarının genişlənməsi onu cəlbedici tərəfdaşa çevirir. Bu forumun keçirilməsi bu istiqamətdə geniş imkanlar yaradır.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Bütün bunlar ölkəmizin enerji təhlükəsizliyinə, şaxələndirilməsinə, satışının inkişafının təmin edilməsinə töhfə verəcək", - deyə ekspert qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun