Qərbin bölgəmizdə məqsədi nədir?

5 İyun 2024 15:52

Rusiyadan hələ də asılı vəziyyətdə olan Ermənistan indi Qərb üçün Cənubi Qafqazda az qala "yeganə ümid yeri"dir. Gürcüstanla yanaşı, Azərbaycan da ABŞ və Avropa İttifaqının "etibarsız" hesab etdiyi ölkələr sırasına daxil edilib.

Daha da önəmlisi: ABŞ və Avropa İttifaqı bütün bravur bəyanatlara rəğmən, Cənubi Qafqazda gərginliyin yaranmasında maraqlıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə meylli siyasət yürütdüyünü deyir, bu barədə fasiləsiz bəyanatlar verir və həftədə ən azı iki dəfə Rusiyaya ünvanlanmış aqressiv mesajlarla çıxış edir.

Fransa prezidenti Emmanuel Makronun "tam və total dəstəklədiyi"ni dediyi, ABŞ və Avropa İttifaqının isə Cənubi Qafqazda az qala "ən etibarlı və dayanıqlı müttəfiq" elan etməyə hazırlaşdıqları Ermənistanın xarici siyasəti isə hələ də normal təsir bağışlamır.

Həmin siyasət batin və zahirdən ibarətdir. Zahirən rəsmi İrəvanın diplomatiyası regional əməkdaşlığa, Qərbə meyilli siyasi kursun diqtə etdiyi addımların reallaşdırılmasına, xarici siyasətin diversifikasiyasına, ABŞ və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın maksimum genişləndirilməsinə, əsas əsası isə Rusiyadan asılılıqdan qurtulmağa yönəlib. Nikol Paşinyanın və onun komandasındakı nazirlərin, siyasətçilərin, deputatların və hətta mass-media mənsublarının izharlarına nəzər salsaq, Ermənistanın məqsədi Aİ və NATO-ya üzv olmaq, Cənubi Qafqazda Qərbin plasdarmına və "Avropa dəyərləri"nin bərqərar olacağı forposta çevrilməkdir.

Reallıq isə, yumşaq desək, bir qədər fərqlidir. Ermənistan hazırda təbii qaza olan tələbatının 85 faizini Rusiyadan ucuz qiymətə aldığı "mavi yanacaq" hesabına təmin edir. Ermənistanın elektroenerji tələbatının 34 faizini təmin edən Metsamor AES-in bütün yanacağını verən də Rusiyadır, Ermənistanın xarici ticarətinin 70%-i də Rusiya ilə bağlıdır və s.

Belədə Ermənistanın yaxın perspektivdə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) , Avrasiya İqtisadi Birliyini və Avrasiya Gömrük İttifaqını tərk etməsi ağlabatan ehtimal təsiri bağışlamır.

Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin çoxsaylı və genişmiqyaslı sanksiyaları ilə üzləşmiş Rusiyanın paralel idxal üçün aktiv yararlandığı ölkələr arasında Ermənistan xüsusi yer tutur.

Məsələn, Ermənistan avtomobil istehsalçısı olmasa da, bu kiçik ölkənin Rusiyaya avtomobil ixracı sürətlə artıb. Avtomobillər ən bariz nümunə olsa da, Ermənistandan Rusiyaya digər məhsulların ixracı da çoxalıb. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin təxminən iki dəfə artmasına gətirib çıxarıb. Avtomobillər əsasən ABŞ-dan Gürcüstanın Qara dəniz limanı olan Poti vasitəsilə tədarük olunur. Onların bir çoxu daha sonra gömrük rəsmiləşdirilməsi üçün Ermənistana göndərilir, çünki Rusiya ilə rüsumsuz rejimə malikdir. Daha sonra nəqliyyat vasitələri Gümrü şəhərindən Gürcüstana, buradan isə Rusiyaya tədarük edilir.

Son üç ilin göstəricilərinə nəzər salsaq görərik ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı diqqətlə araşdırdıqda ikinci təsir, yəni süni təsirlərin əlamətini görmək olar. Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri 2022-ci ildə 2 dəfə artıqdan sonra 2023-cü ildə Rusiya ilə ticarətdə 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu, yəni 35 %-i məhz Rusiyanın payına düşüb. Ermənistanın digər ticarət tərəfdaşları olan Avropa İttifaqı (Aİ), Çin və İranın isə ticarət dövriyyəsində payı azalıb. Belə ki, 2023-cü ildə xarici ticarətdə Aİ-nin payı 13 %, Çinin payı 10 %, İranın payı isə 3,3 % səviyyəsində olub.

2023-cü ildə Ermənistanın ən çox ixrac etdiyi məhsul qrupuna qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar və onlardan düzəldilən məhsullar aid olub. Bu dövrdə qeyd edilən məhsulların ixracı 3,211 milyard ABŞ dollarına çatıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfədən daha çox olub. Maraqlıdır ki, beynəlxalq aləmdə Rusiyaya ixracda üçüncü rolu həvəslə oynayan Ermənistana kəskin iradlar olsa da, təkcə ötən ilin dördüncü rübündə Ermənistan xaricə 2,107 milyard ABŞ dollarlı dəyərində analoji məhsul satıb və bu, cəmi ixracın 66 %-ni təşkil edib. Bununla da Ermənistan beynəlxalq təzyiqlərə əhəmiyyət vermədiyini göstərir.

Rəsmi statistikaya görə, Ermənistanın ixrac əməliyyatları 2023-cü ildə 2022-ci illə müqayisədə 72, 8 faiz artaraq 5, 1 milyard dollara çatıb. Ümumi həcmin təxminən 43 faizi Rusiyanın payına düşür ki, bu da Ermənistandan Rusiyaya ixracatın həcminin təqribən 3 dəfə artdığına dəlalət edir.

Ermənistanın xarici ticarət tərəfdaşları arasında ilk üç yeri Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çin tuturlar. Özü də Ermənistandan Rusiyaya ixracat BƏƏ və Çinə ixracatın toplam həcmindən 2, 7 dəfə artıqdır.

Belə də ABŞ və Avropa İttifaqının Ermənistanı qətiyyətlə və inadla dəstəkləmələri məntiqlə əlaqəli prosesi təsiri bağışlamır. 1990-cı ildə Azərbaycan ərazilərinin işğalına başlayan, torpaqlarımızın 20 faizini ələ keçirərək istismar edən və viran qoyan Ermənistan on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlində, dəhşətli işgəncələrə məruz qalmasında bilavasitə suçludur.

2020-ci ilin sentyabrın 27-də Ermənistanın işğalını təsdiqləyən, Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini dəstəklədiklərini az qala permanent qaydada bəyan edən dövlətlərlə beynəlxalq təşkilatlar indi az qala diametral əks mövqe tutublar.

44 günlük İkinci Qarabağ Savaşı bitən kimi Azərbaycanı hədəfə alan kollektiv Qərb Ermənistanı az qala postsovet məkanının ən demokratik, tolerant, inkişafa meyilli və transparent cəmiyyətə malik ölkəsi kimi təqdim etməyə başladı.

Qərb mediasında yer alan xəbərlərlə şərhlərə baxanda belə rəy yarana bilər ki, qəddar, aqressiv, insan haqlarını və beynəlxalq hüququ heçə sayan Azərbaycan sən demə, Ermənistanı işğal etmək, ermənilərin torpaqlarını ələ keçirmək niyyətindədir. 30 il ərzində Qarabağdakı xuntanı separatçılar, beynəlxalq hüququn prinsiplərini pozanlar adlandıran; qarabağlı ermənilərin "dövlət strukturları"nı və onların keçirdikləri müxtəlif "seçkilər"i tanımadıqlarını deyən kollektiv Qərbin indi Cənubi Qafqazdakı strategiyası "maraqlı"dır.

Elə həmin qarabağlı erməniləri Azərbaycanı könüllü tərk edərək Ermənistana yollandıqları üçün zərərdidə və hüquqları pozulan adlandıran Qərb dövlətləri, siyasətçiləri və təşkilatları qayıdışın təminatını istəyirlər.

Azərbaycan qarabağlı ermənilərin qayıdışına etiraz etmir - buyursunlar, gəlsinlər. Amma bir kiçik şərtlə - qayıtmaq niyyətində olan qarabağlı ermənilər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlığını qəbul etməlidir.

Əks təqdirdə ölkəmiz Qarabağda vətəndaşlığı olmayan və ya başqa ölkənin vətəndaşlığını daşıyan minlərlə insanın kompakt yaşayaraq belə hüquqi absurdu gerçəkləşdirmələrinə imkan verməyəcək.

Qarabağlı ermənilərsə Azərbaycan vətəndaşlığını qəbul etmir, Xankəndindəki separatçı-terrorçu xuntanı bərpa etmək arzularını dilə gətirirlər.

Bütün bunlarla yanaşı, Azərbaycan 32 il Ermənistanın vəhşicəsinə pozduğu dövlət sərhədini perimetri boyunca bərpa edir, hətta rəsmi İrəvanın özü belə, bu pozuntuları və ərazi qəsbini qismən də olsa, etiraf edir - Qərbin bir para siyasətçiləri və ekspertləri isə Azərbaycanı az qala Cənubi Qafqazda təhlükə mənbəyi sayırlar.

Nə baş verir, Qərbin mövqelərindəki diametral dəyişikliyin səbəbi nədir?

Suallar yalnız ilk baxışdan ritorik və ya mürəkkəb təsir bağışlaya bilər.

Əslində kollektiv Qərbin bölgəmizlə bağlı geosiyasəti bəsit oxunandır. Qərbə bölgəmizdə sülh, stabillik, regional kommunikasiyaların bərpası, bölgənin üç dövlət arasında normal münasibətlər gərək deyil. Gürcüstanda "Xarici təsiri şəffaflığı haqqında" qanunun qəbulundan sonra rəsmi Tbilisiyə ABŞ və Avropa İttifaqının münasibətinin kökündən dəyişməsi artıq faktdır. Səbəb məlumdur: Qərbin maliyyələşdirdiyi QHT-lərin fəaliyyətinin maliyyə yönlərini dövlət nəzarətinə almaq və çox böyük məbləğdə pulları vergilərə cəlb etmək istəyən Gürcüstan hakimiyyəti Qərbin ssenarilərini poza bilər. Çünki məhz qanundankənar maliyyələşən QHT-lər postsovet məkanında iqtidarlara təzyiq göstərmək, Qərbin maraqları tələb edəndə hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün az qala ideal mexanizmlər sayılır.

Qərbi narahat edən digər məqam isə Gürcüstanın da Azərbaycan təki separatçı rejimlərin nəzarətindəki ərazilərini azad etməyə başlaması, Cənubi Osetiya və Abxaziya ilə bağlı problemi həll etməyə can atmasıdır.

Gürcüstandakı hakimiyyətin 1938-ci ildə ABŞ-da qəbul edilmiş qanunun dəfələrlə yumşaq variantını ölkədə reallaşdırmağa çalışmasını az qala diktaturaya meyl kimi qələmə verən Qərbə deyəsən, gürcülərin ərazi bütünlüyü, suverenliyi və sərhəd toxunulmazlığı da gərək deyil.

Aydındır ki, Abxaziya və Cənubi Osetiya problematikası Qərb üçün Gürcüstanı daim asılı, zəif, üzüyola dövlət funksionallığında saxlamaq üçün vasitə qismində qəbul edilir.

Qərbi təlaşa salan üçüncü məqam budur ki, Azərbaycan kimi, Gürcüstan da Rusiya ilə normal, adekvat və məntiqli əlaqələr quraraq aşkar təsir-təzyiq mexanizmlərini işə salmağa çalışan subregional qüvvələrin cəhdlərinin qarşısını ala bilər.

Əsas məqam Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara, tranzit-loqistika xətlərinə geosiyasi nəzarətdir.

Qərb məhz bu məqsədlə Ermənistana dəstək verir, İrəvandan Bakıya və Tbilisiyə qarşı istifadə etməyə çalışır.

Məqsəd sülh, inkişaf, əməkdaşlıq, stabillik yox - Cənubi Qafqaza yerləşmək, təsir mexanizmlərinə yiyələnməkdir.

Elçin Alıoğlu
TREND