İçəri Şəhərdə “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

24 May 2010 16:38
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və  "Qız Qalası" art qalereyasının təşkilatçılığı ilə keçirilən festival Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının daha geniş çevrədə tanınması və populyarlaşdırılması məqsədini daşıyır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.

Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaq.
 
Mayın 26-28-də İçəri Şəhərə Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq imkanı əldə edəcək.
 
Milli.Az