İstanbulda SOCAR-a qarşı təxribatın arxasında kimlər durur?

2 İyun 2024 23:12

İstanbulda "Fələstin üçün min gənc" adlı qruplaşma SOCAR-ın Türkiyədəki ofis binasına hücum ediblər.

Aylardan bəri sosial şəbəkələrin Türkiyə seqmentində "SOCAR İsrailə neft satır!" şüarı ilə Azərbaycana qarşı böhtan və yalanlara əsaslanan kampaniya aparan bu qruplaşmanın mənsubları SOCAR-ın ofisinin qarşısında şüarlar qışqırıblar, sonra isə giriş qapısını sındırmağa çalışıblar. Niyyətlərinə çatmayanda onlar qapıya qırmızı boya töküblər.

Polis "Fələstin üçün min gənc" qruplaşmasının 10 üzvünü həbs edib.

Bu provokasiya təsadüfi aksiya deyil, çünki son aylarda Türkiyədə bəzi qruplar tərəfindən SOCAR-ı hədəf almaqla Azərbaycana qarşı aparılan antipiar kampaniyasının məntiqi nəticəsi şirkətin İstanbulda yerləşən ofisinə hücum olmalıydı.

Hazırlanmış ssenari belə idi və hücumun Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən təşkil olunduğu təsbit edilib.

Eyni qruplaşmalar aylardır ki, sosial şəbəkələrin Türkiyə seqmentində "SOCAR-ın İsrailə neft satdığını" bəhanə edərək, Azərbaycana qarşı kampaniya aparırlar.

Halbuki konkret, dəqiq və danılmaz reallıq var: SOCAR İsrailə neft satmır!

SOCAR Azərbaycan neftini alıcılara, yəni treyterdərə satır. Ümumiyyətlə, dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarər edə bilmir.

Aşkardır ki, Azərbaycana qarşı hazırlanmış bu çirkin ssenarinin tərkib hissəsi olan informasiya manipulyasiyasında məqsəd SOCAR-ı hədəf göstərməklə bütövlükdə Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq, Azərbaycanı Türkiyənin ictimai rəyində nüfuzdan salmaqdır.

Xatırladaq ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollardır. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir.

Belədə Türkiyədə nəinki hansısa siyasi qruplaşmanın, hətta ən marginal hərəkatın və ya dəstənin ölkə iqtisadiyyatında çox önəmli yer tutan şirkətə qarşı bəhsolunan aksiya formatında hücumu absurd təsiri bağışlayır.

Lakin məsələ Azərbaycanla bağlı olanda və xüsusilə də belə idiotik aksiyanın arxasında Türkiyədə olan İranpərəst qüvvələrin durduğunu nəzərə alanda vəziyyət dəyişir.

Azərbaycanla Türkiyə arasında qardaşlıq, əzəli birlik və strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək, xüsusilə də ölkəmizi "müsəlmanlara qarşı mövqe tutan dövlət" kimi qələmə vermək cəhdi aşkardır. Həmin cəhdin ilk baxışdan primitivliyi şübhə doğurmasa da, kölgədəki ssenaristlərin məkri bəsit deyil.

Adi bir fakt: SOCAR-ın İstanbuldakı ofisinin qarşısında aksiya keçirməyə yığışanlar arasında Fransa vətəndaşı olan jurnalist də vardı. Fransa mass-mediasının mənsubu oraya iranpərəst "Fələstin üçün min gənc" qruplaşmasının aksiyası başlayandan sonra yox, əvvəl gəlmişdi.

O, SOCAR binasına önündə nələrin baş verəcəyini əvvəlcədən bilirdi.

Mənzərə gerçəkdən də, maraqlıdır. İranpərəst qruplaşma SOCAR-a qarşı aksiya şazırlayır, bu aksiya barədə sosial şəbəkələrdə əvvəlcədən məlumatlar yayılaraq anonslar verilir və olayın mayın 31-də, yerli vaxtla saat 15-də olacağı deyilir.

İlk baxışdan jurnalistin orada olmasının qəribəliyi yox: sosial şəbəkələrdə qruplaşmanın akkauntlarındakı və profillərindəki məlumatları oxuyub, yollanıb aksiya yerinə.

Fəqət, iş ondadır ki, aksiya anons edildiyi vaxtdan fərqli zamanda, daha tez başlayıb və olay yerinə də fransalı jurnalist qruplaşmanın rəhbərləri ilə birlikdə yollanıb.

Daha sonra hadisə yerindən canlı yayım edilib, sosial şəbəkələrdə paylaşımlar bir-birini əvəzləyib. Məqsəd Türkiyədə guya Azərbaycan-İsrail əlaqələrinə qarşı "genişmiqyaslı etirazların, antipatiya mövcudluğu"nu göstərməkdi.

Azərbaycana qarşı Fransanın apardığı hibrid savaşın çərçivəsində gerçəkləşən bu aksiyanın məhz Türkiyədəki iranpərəst qruplaşma tərəfindən gerçəkləşdirilməsi dini və etnik zəmində radikalizm, dözülməzlik və nifrət təbliğ edən qüvvələrin də Parisin geosiyasi məqsədlər üçün yararlandığı vasitələr arasında olduğuna dəlalət edir.

Azərbaycanla İsrail arasındakı genişmiqyaslı tərəfdaşlığa gəldikdə isə, ölkəmizin başqa dövlətlərlə bütün əlaqələri və münasibətləri ilk əvvəl milli maraqlarımıza əsaslanır. Bununla yanaşı, Azərabycan indiyədək dəfələrlə bəyan edib ki, istənilən ölkə ilə əməkdaşlığımız və əlaqələrimiz üçüncü dövlətə qarşı yönəlməyib.

Əfsuslar olsun ki, Azərbaycanın tədhid və şantaj cəhdləri "dili"ni qəbul etmədiyini, İstanbuldakı tragifars tipli aksiyaların uğursuzluğa düçar olduğunu hələ də bəziləri anlamaqda çətinlik çəkir.

Elçin Alıoğlu
Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun