“Özü də bu hissləri 13 yaşında yaşamışdı” – VİDEO - FOTO

31 May 2024 11:43

"Əziz Babamı - Əməkdar artist, müğənni və xalqın sevimlisi Cavanşir Məmmədovu itirməyimizin dərin hüzn və kədərini yaşayırıq. Ailəmizin çətin dönəmində baş sağlığı verib, dəstək olan hər kəsdən Allah razı olsun! Bu yazım uzun olacaq. Çünki bu hissləri bir cümlə ilə ifadə etmək mümkünsüzdür. Müdrik ailə başçısını itirmək hər bir ailə üzvü üçün ağırdır.İlk dəfədir ki, reallıqdan qaçıram. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hər bir kəliməsi, nəsihətləri və səsi qulağımızdadır". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə Qafarova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Babasının vəfatından 40 gün keçdiyini yazan Rəfiqə onunla bağlı xatirələrini bu sözlərlə ifadə edib: 

"Babamın yoxluğu həyatımızda dolmayacaq boşluq yaratdı. Ailə başçısını itirən kəslər bu acını anlayar. Hansı ki, özü də bu hissləri məhz 13 yaşında olarkən yaşamışdı, atasını vaxtsız itirmişdi. Tale yolunda çətinlikləri ötərək halal zəhmətinin bəhrəsini yaşayırdı. Mənim fərqli mövzular haqqında uzun yazılarımı çox bəyənib, dəstəkləyərdi.

Cavanşir baba çox başqa idi. Həm ata kimi, həm də baba kimi. İllər keçəcək, bir gözümüz gülərkən, digəri isə onun yoxluğu üçün daim ağlayacaq. Onun yeri əvəzolunmaz olaraq həmişə görünəcək. Xatirələrini, xoş ifalarını hər zaman yaşadacağıq. İzləyicilərin dediyi kimi "Bu dünyaya kişi kimi gəldi, eldən kişi kimi getdi". Allah sənə rəhmət eləsin, əziz babam! Uca Tanrı yerini cənnət etsin!". 
Qeyd edək ki, C.Məmmədov bu ilin aprel ayında 70 yaşında evində ürəktutmasından dünyasını dəyişib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun