Bakıda qaz sərfiyyatını azaldan qurğu satılır: Tutulsa, 6000 manat cəriməsi var - VİDEO

29 May 2024 00:30

Qaz sayğacına müdaxilə etməklə sərfiyyatı azaltdığı iddia olunan qurğu satılır.

Xezerxeber.az-ın məlumatına görə, iddialara görə sosial şəbəkələrdə satılan bu qurğunu yaxınlaşdırmaq kifayət edir ki, sayğacın iş mexanizmi dayansın.

İddia olunur ki, mexaniki sayğacların sərfiyyat qeydiyyatını istənilən an dayandırmaq və işə salmaq mümkündür.

Satış üçün paylaşılan elanlarda çatdırılma və test üçün yoxlama da təklif olunur.

Mövzuya münasibət bildirən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, faktiki olaraq sayğaca bu formada müdaxilə etmək mümkün deyil.

Onun sözlərinə görə, sayğaca müdaxilə aşkar edildikdə, cərimə vurulan zərərin ödənilməsi ilə yekunlaşmır. O bildirib ki, bu halda əlavə cərimələr də təyin olunur.

Qeyd edək ki, sözügedən qayda pozuntusuna görə 4 000 manatdan 6 000 manatadək cərimə, bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Milli.Az