Güllü Ağalarzadə: “Nəyə qadir olduğumuzu göstərdik”

28 May 2024 10:34

"İkinci hərəkətdən sonra qiymətləri gözləyərkən məndə belə hiss yaranmışdı ki, lisenziya qazanacağıq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvü Güllü Ağalarzadə deyib.

O, Macarıstandakı Avropa çempionatından qayıdan millimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində Paris-2024Yay Oyunlarına lisenziya qazanmaqları barədə danışıb: "Biz rəqabətdən qorxmadıq. Hər şey öz əlimizdə idi. Yalnız proqramları inamla və səhvsiz yerinə yetirmək lazım idi. Biz bunu bacardıq, kökləndik və nəyə qadir olduğumuzu göstərdik. Olimpiadaya iki ay qalıb və indi biz işimizi davam etdirəcəyik. Parisdə yaxşı çıxış etmək istəyirik. Yalnız Beynəlxalq Gimnastika Federasiyasından lisenziyanın təsdiqini gözləmək qalır".

O, əlavə edib ki, Yay Oyunlarına vəsiqə qazanmaq üçün son şans olan Avropa çempionatından yararlanıblar: "Psixoloji cəhətdən asan deyildi. Amma başa düşürdük ki, başqa çıxış yolu yoxdur. Federasiyamıza və məşqçilərimizə təşəkkür edirik ki, onların sayəsində məqsədimizə çata bildik".

Qeyd edək ki, olimpiya lisenziyası çoxnövçülüyün nəticələrinə əsasən sahibini tapıb. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət qrup dördüncü yeri tutub.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun