Zeynəb Hümmətova: “Olimpiadaya qədər kompozisiyaların mürəkkəbliyi üzərində daha çox işləyəcəyik”

28 May 2024 09:59

"Olimpiadadan əvvəl hərəkətlərin çətinliyi üzərində daha çox işləyəcəyik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvü Zeynəb Hümmətova deyib.

O, Macarıstandakı Avropa çempionatından qayıdan millimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Gimnastımız bildirib ki, ötən il Valensiyada keçirilən dünya çempionatından sonra hazırlıq planları Budapeştdəki lisenziya xarakterli Avropa çempionatı ilə bağlı olub: "Bütün bu müddət ərzində çox çalışdıq. Məşqçilər bizə tamamilə yeni proqram verdilər, biz elementləri mürəkkəbləşdirdik. Bütün məşqləri sınaqdan keçirmək və səhvsiz yerinə yetirmək üçün kompozisiyalarda dəyişikliklər etdik. Bir az həyəcan var idi, amma lisenziya üçün Budapeştə getdik və yarışın dəyərinin nə olduğunu bilirdik. İndi biz Beynəlxalq Gimnastika Federasiyasından lisenziyanın rəsmi təsdiqini gözləyirik".

Gimnast Olimpiadaya vəsiqə qazanmağın böyük stimul olduğunu vurğulayıb. "Biz Yay Oyunlarına səylə hazırlaşacağıq. Fransada layiqli çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Bizə hər cür şəraiti yaradan milli federasiyaya, məşqçilərə, dəstək olan hər kəsə təşəkkür edirəm. Biz harada çıxış ediriksə, bu dəstəyi hiss edirik".

Qeyd edək ki, Paris-2024-ə lisenziya çoxnövçülüyün nəticələrinə əsasən müəyyənləşib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət qrup dördüncü yeri tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun