YARAT “Azadlığa monument” adlı qrup sərgisini təqdim edir - FOTO

27 May 2024 16:16

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Azadlığa monument" adlı qrup sərgisini təqdim edir.

Ekspozisiya Nazim Babayev, Kamal Əhməd, Cavad Mircavadov, Toğrul Sadıqzadə, Sirus Mirzəzadə, Şahpələng Məmmədov, Rasim Babayev, Əşrəf Murad, Məlik Ağamalov, Mir Nadir  Zeynalov, Rəşad Babayev, Müseyib Əmirov, Adil Yusifov, Adil Şıxəliyev, Sabina Şıxlinskaya, Leyla Qabulova, Elnarə Nəsirli, Arzu Rzayev, Əmrulla İsrafilov, Emil Məcnunov və Elturan Məmmədovun rəngkarlıq, qrafika, heykəl, qraffiti, həmçinin YARAT-ın sifarişi ilə hazırlanmış videoəsərlərini bir araya toplayır.

Tarixin dominant hekayələrinin kölgəsində danışılmamış hekayələr, susdurulmuş səslər və basdırılmış həqiqətlər yatır. Sosializm vədi və marksizm-leninizm prinsipləri əsasında qurulmuş nəhəng Sovet imperiyası XX əsrin tarixində silinməz iz qoyub. Onun utopik istəkləri və avtoritar reallıqları milyonlarla insanın həyat və düşüncəsini formalaşdıraraq, süqutundan sonra faciələr mirası qoyub. "Azadlığa monument" sərgisi sovetləşmə illərinin fəsadları ilə qarşılaşaraq, onun şəxsiyyətə, yaddaşa, milli kimliyə və kollektiv şüura təsirini araşdırır.

Sovet dövründə nonkonformist rəssamlar rejimin ideoloji məhdudiyyətlərinə qarşı çıxmaqda və bədii ifadələrin sərhədlərini aşmaqda həlledici rol oynayıblar. Bu rəssamlar Azərbaycan tarixinin və mədəniyyətinin mürəkkəbliyi ilə mübarizə aparan sovet hegemonluğu qarşısında öz irsini geri qaytarmağa və yenidən şərh etməyə çalışaraq, gizli müqavimətin həm qalibləri, həm də rejimin rəqibləri idilər. Onlarla dialoqda çıxış edən müasir rəssamların fotoqrafiya, video və instalyasiya əsərləri sosialist ritorikasının ziddiyyətlərini, onun milli mənsubiyyət, yerli mədəniyyət və ənənələrə dair münasibətini sual edərək, tənqidi şəkildə araşdırırlar. YARAT-ın sifarişi ilə hazırlanmış əsərlərdə isə ədalətsizliklərin travması, fərdi və kollektiv yaddaşa olan davamlı təsirləri araşdırılır. "Azadlığa monument" qrup sərgisi Azərbaycanın tarixi, ictimai və siyasi təcrübələrini nəzərdən keçirərək, azadlığa aparan yolun çoxtəbəqəli, travmatik və qanlı olduğunu açıqlayır.

Sərginin ekspozisiyasında Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Nar Qalereyası və Unibank-nın kolleksiyalarında qorunub saxlanılan əsərlər nümayiş olunur. 

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun