Paşinyan, yoxsa keşişlə Köçəryan?

25 May 2024 12:32

Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK) və sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "anti-Paşinyan koalisiyası" Ermənistanın baş nazirinin açıqlamalarına cavab verib.

Hamıdan tez, təbii ki, erməni kilsəsi tərpənib. Dünən EAK rəhbərliyi Eçmiədzində bütün yepiskopları bir araya yığaraq bəyan edib ki, baş nazir Nikol Paşinyanın açıqlamaları "kökündən yanlışdır və düşünülməmiş sözlərdir".

Eçmiədzinin maliyyəsinin şəffaflaşdırılması, dövlət nəzarətinə və vergilərə cəlb olunması ilə bağlı Paşinyanın səsləndirdiyi fikirləri az qala "allahsızlıq" kimi qələmə verən erməni kilsəsi hesab edir ki, hakimiyyət bu minvalla kilsəni müti mexanizmə çevirməyə çalışır.

Halbuki erməni kilsəsinin sadəcə, dini struktur olmadığı, ermənilərin həyatlarının istisnasız olaraq bütün sahələrinə təsir etdiyi, milyardlarla dollarlıq vəsaitin dövriyyəsini dövlət nəzarətindən yayındırdığı və bu pulların əhəmiyyətli hissəsini siyasi fəaliyyətə istiqamətləndirməsi sirr olmayan məsələdir.

Eçmiədzindəki yığıncaqda deyilib: "Nİkol Paşinyan siyasətini dəyişməlidir. Ermənistan hakimiyyəti Erməni Həvariyun Kilsəsinin ölkə Konstitusiyasında da əks olunmuş tarixi missiyasını xatırlamalıdır".

Nikol Paşinyanın da kilsənin fəaliyyətində narahat olduğu məqam keşişlərin aşkar şəkildə siyasətlə məşğul olması, indisə onu devirməyə çalışmasıdır.

Ermənistanın baş naziri kilsənin maliyyə axınlarının dövlət nəzarətinə götürülməsi ilə bağlı yaxın aylarda konkret mexanizmlərin hazırlanacağını bəyan edib.

EAK-ın Tavuş (Tovuzqala) yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın isə indiki etiraz aksiyalarının "rəhbəri və simvolu" seçilməsi isə rəsmi İrəvanın səbr kasasını, ümumiyyətlə, doldurub.

Bundan başqa, Ermənistandakı etiraz aksiyalarının təşkilatçılarının və rəhbərlərinin əsas məqsədinin sabiq prezident Robert Köçəryanı hakimiyyətə gətirmək olduğu da bəllidir.

Köçəryanın böyük siyasətə qayıdış cəhdinin Ermənistanda neqativ qarşılanması barədə sualları cavablayan B.Qalstanyan "maraqlı" açıqlama verib: "İnsanları ya öldürməli, ya onlara dəyişmək hüququ verməlisiniz. Bizim şərəkatda yanımda olan, mənim də onların yanında olduğum insanlar var ki, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən qəbul olunmurlar. Rəddetməyə köklənməklə irəliyə doğru hərəkət üçün həyatımız yetməz".

Beləliklə, keşiş Baqrat sabiq prezident Robert Köçəryanın planı, göstərişləri və maraqları çərçivəsində hərəkət etdiiyni gizlətmir. Bu azmış kimi, Ermənistan vətəndaşlarından da Robert Köçəryana hakimiyyətə qayıdş üçün "şans" vermələri, yəni onu dəstəkləmələrini istəyir.

Keşiş Baqrat onu da vurğulayır ki, hazırda Nikol Paşinyana müxalifətdə olan "qüvvələrin əksəriyyəti" erməni kilsəsi, xarici ölkələrdəki erməni diasporu, "qarabağlılar" klanının rəhbərləri Robert Köçəryan və Serj Sarqsyanın, habelə kiçik müxalif qrupların birləşərək reallaşdırdıqları "Vətən uğrunda Tavuş" hərəkatını dəstəkləyirlər.

Beləcə, keşiş Baqrat erməni müxalifətinin sosiumda dəstək potensialının və elektroal bazasının zəifliyini, fəaliyyət dağınıqlığını və indiki halda hər hansı uğur perspektivindən məhrum olduğunu tam aydın şəkildə, özü də bilmədən göstərir.

Özünü normal, adekvat və populyar sayan istənilən siyasi qüvvə istənilən siyasi sistemdə avtoritar sayılan kilsə institutunun nümayəndəsini dəstkləməyi qorxulu yuxu sayar.

Keşiş Baqratı dəstəkləyən və onun tragikomik "Vətən uğrunda Tavuş" şapitosunun səhnəciklərinə qatılan siyasi təşkilatçılar, siyasətçilər, qruplar, deputatlar və s. Baqratı "siyasi lider" saymaqla əslində öz siyasi perspektivlərinin, imkanlarının və potensiallarının olmadığını etiraf ediblər.

Keşiş Baqrat siə mayın 26-da, bazar günü İrəvanda təxribatlara hazırlıq görür. Onun planlarında tərəfdarları ilə polis arasında qarşıdurmalara nail olmaq, sonra isə dövlət və hökumət binalarına, xüsusilə də parlamentə, Hökumət Dəftərxanasıına və prezident iqamətgahına hücumları reallaşdırmaq fikrindədir.

Baqrat Qalstanyan son iki gündə artıq dəfələrlə bəyan edib ki, yeni fəaliyyət planını mayın 26-da açıqlayacaq, parlamentdə Nikol Paşinyana qarşı impiçmentə və baş nazirin hakimiyyətdən kənarlaşmasına nail olmaq üçün daha "effektiv addımların atılmasını təmin etməyə çalışacaq".

Həmin addımlar arasında kütləvi itaətsizlik, total qarşıdurma, yolların bağlanması, dövlət və inzibati binaların müvəqqəti də olsa, ələ keçirilməsi, genişmiqyaslı iğtişaşlar və s.-dir.

Ermənistanın hüquq-mühafihə və təhlükəsizlik qurumları belə qarşıdurmalara artıq hazırdırlar.

Keşiş Baqrat bazar günü tərəfdarlarını "daha aktiv tədbirlərə" sövq edərsə, Nikol Paşinyan hakimiyyətinə daha sərt, qətiyyətli və genişmiqyaslı tədbirlər üçün legitim səbəb yaradacaq, aksiyaları dağıtmaq üçün kart-blanş verəcək.

Əslində Nikol Paşinyan bütün bunları 2018-ci ildə hakimiyyətə gələndən dərhal sonra etməli, kilsə ilə xaricdən maliyyələşən və idarə olunan kvazimüxalifətin, sabiq prezidentlərin idarə etdikləri marionet siyasi hərəkatların birləşməsinə imkan verməməli idi.

Amma nə 2018-ci ildən sonra, nə də 2021-ci ildə parlament seçkilərindəki qələbədən sonra Paşinyan iqtidarı amorf davranışın fəsadlarını və yaradacağı nəticələri təxminləyə bilmədiyi üçün Ermənistanda vəziyyət indiki vəziyyətə çatıb.

... Robert Köçəryan, erməni kilsəsi və Baqrat Qalstanyan erməni diaspor təşkilatları, daşnaklar və kiçik müxalifət qruplaşmaları ilə birləşərək hakimiyyət uğrunda öz aləmlərində "savaş"ı davam etdirirlər.

Amma bu savaş bütünlükldə taktiki gedişlərə əsalandığından strateji planlaşdırmanın olmaması İrəvandakı hakimiyyətlə mübarizəni spontan çıxışlar və etirazlar dağlası səviyyəsindən çıxmağa qoymur.

Nikol Paşinyan isə onu və komandasını dəstəkləməyi vəd etmiş kollektiv Qərbdən əməli fəaliyyət gözləyir. İrəvanla Vaşinqton və Brüssel arasında son günlərdəki diplomatik təmasların fəallaşması da bununla bağlıdır.

Qərb postsovet məkanında indiyədək hamilik və tam dəstək vəd etdiyi ölkələrə münasibətlrəində tətbiq etdiyi sxemi indi İrəvanda reallaşdırmağa çalışsa da, Nikol Paşinyan vədlərin illüziya olduğunu artıq anlamağa başlayıb

İrəvandakı hakimiyyəti narahat edən də budur.

Elçin Alıoğlu
TREND