Benzema Səudiyyə Ərəbistanında məyusdur: Ölkəni tərk etmək istəyir

24 May 2024 06:29

"Əl İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanını tərk etmək istəyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 36 yaşlı fransız yerli çempionatın səviyyəsindən, peşəkarlığın və infrastrukturun olmamasından məyusdur. Səudiyyə Ərəbistanındakı şərtlər onun "Real" və Fransa millisində keçirdiyi vaxtdan tamamilə fərqlidir.

Benzema Səudiyyə Ərəbistanını tərk etmək istəyir, lakin o, "Əl-İttihad" ilə müqaviləsinin şərtlərinə tabedir. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir və futbolçuya ildə təxminən 100 milyon avro gəlir gətirir.

Səudiyyə ərəbistanında Benzemanın müqaviləsinin şərtlərini sona qədər yerinə yetirəcəyinə ümid edirlər. Eyni zamanda, yerli liderlər futbolçunun çempionat daxilində daha güclü kluba keçməsi variantını nəzərdən keçirməyə hazırdırlar.

Benzema ötən yay "Real"dan azad agent kimi "Əl- İttihad"a keçib. O, klubda 29 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Qışda Benzema "Əl-İttihad"ın düşərgəsinə vaxtında qayıtmadığı üçün fevralın ortalarına qədər komandadan uzaqlaşdırılmışdı.

Futbolçu baldır əzələsi gərginləşdiyi üçün son bir ayda meydana çıxmayıb.

"Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatında lider "Əl-Hilal"dan 39 xal geri qalaraq beşinci yerdədir. Ciddə klubu növbəti mövsümdə qitə miqyaslı turnirlərə vəsiqə qazana bilməyəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun