Milli.Az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Son zamanlar xarici və ya xaricdən maliyyələşən bir sıra saytlarda Azərbaycanın aparıcı media orqanlarına qarşı "araşdırma" adı altında hədəfli hücumların sayının artdığını müşahidə edirik. Bir müddət əvvəl Azadlıq radiosu bir neçə saytın dövlət orqanları ilə müqavilələri haqqında məlumat yaymaqla guya onların dövlət orqanlarından asılılığını isbat etməyə çalışdı. Halbuki, media orqanının reklam əsasları ilə istər dövlət, istər isə özəl sektorda fəaliyyət göstərən qurumların məlumatlarını yayması bütün dünyada yayılmış praktikadır. Fərq bircə ondadır ki, ABŞ və Avropada media orqanı buna görə yüz minlərlə vəsait alır, Azərbaycan mediası ilə qəpik-quruşa qane olur.
İkinci həmlə ölkənin əsas informasiya agentliklərindən birinin rəhbərinin "varidatını" guya ifşa edilməsindən ibarət oldu. Orada yazılanların nə qədər düz və ya səhv olduğunu iddia edə bilmərik, çünki həmin yazının müəllifləri kimi başqalarına çamur atmağı peşəmizə hörmətsizlik hesab edirik. Həmin o qondarma cızmaqaranın müəllifləri ya savadsızlıqdanmı, ya da qəsdən biznes subyektinin və onun rəhbərinin pul qazanmaq haqqını inkar etdilər. Yəni, yazıdan belə göründü ki, hər hansısa şirkət sahibi pul qazana, obyekt aça bilməz.
Üçüncü yazı isə ölkəmizin bir neçə aparıcı saytının öz sosial şəbəkə hesablarını reklam yolu ilə populyarlaşdırmasını "ifşa etdi". Məsələnin məğzi ondan ibarət oldu ki, bu resurslar öz sosial media resurslarının reklamına pul xərcləyirlər və sanki bu, böyük bir günahdır.
Göründüyü kimi, hər üç halda hədəf ölkəmizin aparıcı media orqanlarıdır və məqsəd onları "harınlamış", sanki məmur kimi "korrupsiyalaşmış" şəkildə göstərməklə ictimaiyyətin gözündən salmaqdır.
Məsələyə daha geniş müstəvidən baxsaq, Azərbaycanın informasiya mühitinə qarşı aparılan ənənəvi kampaniyada əsaslı dəyişikliyin baş verdiyini görürük. Çünki 5-10 il əvvəl xaricdən alınan sifarişli yazıların əsas hədəfi dövlətin informasiya siyasəti idi. Əslində haqları da varıydı, çünki bu siyasət bizim media resurslarımızı dişsizləşdirmişdi, onların ictimai rəyə təsir imkanlarını minimuma endirmişdi. İndi isə vəziyyət tam fərqlidir. Media tənqidə açıqdır, sözünü deyə, mövqeyini müdafiə edə bilir. Amma bunu qanun çərçivəsində, etik qaydaları pozmadan edir. Medianın ictimai rəyə təsir imkanları kifayət qədər yüksəlib ki, bu da xaricdən idarə olunan dezinformasiya dalğasının tam zərərsizləşdiriməsini şərtləndirir. Təbii ki, Qərb, İran, Rusiya və digər coğrafiyalardan Azərbaycanın informasiya məkanın uzanan əllərin kəsilməsinə yönəlmiş tədbirlər də burada mühüm rol oynayıb.
Ancaq ən maraqlı məqam odur ki, Azərbaycan mediası ölkə haqqında həqiqətləri beynəlxalq informasiya məkanına çıxarmağa başlayıb və bu imkanlar getdikcə genişlənir. Hər hansısa ölkə haqqında yerli mediamızda neqativ məlumat gedən kimi dərhal reaksiyalar, təkziblər gəlir. Kuluarlarda xaricilərin bizim mediadan giley-güzaran artır. Bu, Azərbaycan mediasının həm ölkə daxilində dominantlığını həm beynəlxalq informasiya məkanında çəkisinin yüksəldiyini göstərir. Belə media Azərbaycanı qarışdırmaq istəyənlərə lazımdır? Təbii ki yox.
Buna görə də qarayaxma siyasətinə yeni komponentdə əlavə olunub - Azərbaycanın media orqanlarını, onların rəhbərlərini ünvanlı hədəfə alıb ifşa etmək. Əla, super, nə qədər çox etsələr, bir o qədər də düz yolda olduğumuzu göstərəcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun