Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilər qeyri-ərzaq məhsullarının seçimi zamanı nələrə diqqət etməlidirlər?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Axar.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ var:
"İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının adı, mənsubiyyəti, yeri və standartların işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın yarlığı olmalıdır. Yarlıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən qurumun adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir".
Qurumdan qeyd edilib ki, il ərzində kustar üsulla yuyucu vasitələrin hazırlanması ilə bağlı bir sıra məlumatlar daxil olub:
"Əlavə olaraq bildiririk ki, müvafiq sertifikatı olmayan yuyucu vasitələrin satışını həyata keçirən təsərrüfat subyektləri haqqında məlumatlar, həmçinin yuyucu vasitələrin insan həyat və sağlamlığına zərər vurması barədə dəqiq faktlar (sübutlar) Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə qanunamüvafiq tədbirlər görülür. Vətəndaşlar sözügedən hallarla qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi, elektron poçt və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun