Mayın 15-də silahlı insident zamanı yaralanan və xəstəxanaya yerləşdirilən Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti açıqlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Slovakiya rəsmiləri Baş nazirin vəziyyətinin ağır olaraq qaldığını, lakin həyatının təhlükə altında olmadığını bildiriblər.
Fitsonun artıq iki dəfə əməliyyat keçirdiyi qeyd olunub.
İkinci əməliyyatın həyata keçirildiyi Banska-Bistritsa şəhər xəstəxananın rəis müavini Milan Urbani deyib ki, Baş nazirin vəziyyəti artıq həyatı üçün təhlükə yaratmır: "Bu səhər tibbi məsləhətləşmələrə əsaslanaraq deyə bilərik ki, xəstənin hazırda həyatı üçün təhlükə yoxdur. Bununla belə, vəziyyəti hələ də çox ağırdır, sağalması üçün ona uzun müddət və istirahət lazımdır".
Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. O, ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun