Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı - YENİLƏNİB

20 May 2024 19:18

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

Bunu Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb: "Ərazidə hərəkət tam məhdulaşıdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir".

-------

17:43

Hazırda Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar Afiyəddin Cəlilov -Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

---------

12:43

Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.

Milli.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu "28 May" və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.

Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün "28 May", Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.

-------

10:34

Bu gündən saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib, hərəkətin müvəqqəti təşkilinə dair sxem hazırlanıb:

"Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq.

Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq. S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər. Nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq.

Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.

Qeyd edək ki, 28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun