Prezident İlham Əliyev: “Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib”
24 May 2010 13:14
Azərbaycan Ruspublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən
Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII
konfransın iştirakçılarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi Avropa
Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII
konfransının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər
birinizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan
Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı
faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir.
Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin
bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin
aradan qaldırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan son zamanlar
respublikamızda Avropa Şurası səviyyəsində bir sıra beynəlxalq
tədbirlərin ənənəvi xarakter alması təqdirəlayiqdir.
Gender
bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan
hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir.
Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların
hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını
almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə
qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir.
Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız
ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal
iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz
qüvvələrini əsirgəmirlər.
Bununla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və
məcburi köçkünün əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud
şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq
təşkilatların, o cümlədən BMT-nin və Avropa Şurasının Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq,
həmin insanların doğma yurdlarına qayıtması istiqamətində göstərilən
səylər də hələlik nəticəsiz qalmışdır.
Gender bərabərliyinin
faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli
səviyyədə bir çox qurum və təsisatların uzunmüddətli birgə
fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bu
məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparacaq, gələcək
fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz
töhfəsini verəcəkdir".