Vuçiçi ölümlə təhdid edən şəxsi saxlanıldı

16 May 2024 13:04

Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçi öldürməklə təhdid edən Draqan Miyatoviç adlı şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Həmin şəxsin barəsində məlumatlar ölkənin Baş Prokurorluğuna göndərilib.

Məlumatda o da bildirilib ki, Slovakiya Baş nazir Robert Fitsoya sui-qəsddən sonra Prezident Vuçiçin də ünvanına təhdidlər gəlməyə başlayıb. Nəticədə polis xüsusi əməliyyat keçirib və Miyatoviç tutulub.

Qeyd edək ki, bir qədər əvvəl hökumət başçısı Robert Fitso sui-qəsd nəticəsində sinə və qarın nahiyələrindən güllə yarası alıb. Həkimlərin bildirdiyinə görə Baş nazirin vəziyyəti stabil olsa da həyati təhlükəsi davam edir.

Sui-qəsdi həyata keçirən şəxsin yazıçı Yuray Sintula olduğu açıqlanıb və o, həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun