Lənkəran Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır
13 İyun 2012 14:30
Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən teatrlar bir sıra yeni tamaşalarla teatrsevərlərin görüşünə gəlir. Bölgə teatrlarının fəallarından olan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrnın səhnəsində yeni tamaşalar hazırlanır. Bu yaxınlarda Tural Mustafayevin quruluşunda Voyniçin "Ovod" əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri başa çatıb.
Lənkəran teatrı yeni estetika axtarışlarını intensivləşdirmək, beynəlxalq əlaqələrini gücləndirmək üçün xarici ölkələrdən rejissorlar dəvət etməkdə davam edir. Bu yaxınlarda teatra Bolqarıstandan rejissor dəvət ediləcək. Teatrın səhnəsində bolqarıstanlı rejissor Xristo Stoyçev Molyerin "Mizantrop" əsəri əsasında "Mizantrop - 21" komediyasının məşqlərini aparır. Bu əsər Azərbaycan teatr səhnəsində ilk müraciət olunan əsərdir. Sevgi uğrunda mübarizənin aparıldığı bu əsərdə hadisələr Paris şəhərində baş verir. Cəmiyyətin naqisliklərini, o cümlədən yalançılığı, ikiüzlülüyü ciddi ifşa edən bu səhnə əsərində
baş qəhrəman Alsest obrazını respublikanın əməkdar artisti Təvəkkül Əliyev ifa edir. Digər rollarda respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Əlibala Əsgərov, Miraslan Ağayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Əbülfəz
Axundov çıxış edirlər. Premyerası iyunun ortaları üçün nəzərdə tutulmuş bu tamaşanın bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamı isə Olqa Bosevadır.
Qeyd edək ki, yeni tamaşa ilə yanaşı iyun ayının 19-da Savaş Dinçelin müəllifi olduğu "Yaşanmayan gənclik" tamaşası nümayiş olunacaq. Tamaşanın rejissoru İslam Həsənovdur.
Daha ətraflı: ctv.az
Milli.Az