Sizin inancınız da arxasınca düşdüyünüz bir neçə keşiş kimi saxtadır - Baqdasaryan

14 May 2024 13:27

Məşhur erməni bloqer Roman Baqdasaryan Qarabağ ermənilərinə videomüraciət ünvanlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baqdasaryanın videomüraciəti sosial şəbəkələrdə yayılıb.

"Heç yerdə Tanrının adını çəkməyin və deməyin ki, kilsənin nə olduğunu bilirsiniz. Sizin inancınız da arxasınca düşdüyünüz bir neçə keşiş kimi, Baqrat, Qaregin kimi saxtadır. Çünki əsl keşiş siyasətdə olmaz. Özgəsinin evini dağıdan və özgənin kərpici ilə özünə ev quran Tanrını çox qəzəbləndirir", - o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanın hazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzə verib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun