Tikintisi davam edən Əhmədbəyli-Füzuli-Şuşa yolunda son vəziyyət - FOTO

14 May 2024 13:24

"Prezidentin izi ilə" mediaturu çərçivəsində media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, media nümayəndələri Prezident İlham Əliyevin açılışını etdiyi birinci tuneldə olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ lahiyələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir:

"Bu yolun umumi uzunluğu 81.7 kilometrdir, bu da Zəfər yolundan 19.3 km qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir.

Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır".

Agentliyin əməkdaşı onu da deyib ki, layihə üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-da artıq qazma işləri yekunlaşıb.

"Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə əsas işlər bu il tamamlanacaq. Növbəti ildə isə tunellərdə havalandırma, işıqlandırma, yol oxu boyu işıqlandırma işləri və yolun nişanlanması işləri başa çatdırılacaq. Hazırda açılışı olan tunel vasitəsilə 1 km yol qısalır və 10-dan artıq döngə və eniş yoxuşdan keçməyə ehtiyac qalmır".

Qeyd edək ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun