Almatı müzakirələrinin pərdəarxası: nə baş verəcək?

13 May 2024 13:03

Cənubi Qafqazda sülh nə zaman bərqərar olacaq? Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi nə zaman imzalanacaq?

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş proses çətinliklə, problemlərlə və maneələrlə olsa da, davam edir.

Prosesin növbəti mərhələsi iki ölkənin xarici işlər nazirlərinin - Ceyhun Bayramovun və Ararat Mirzoyanın - Almatıda görüşü və danışıqları oldu.

Görüşlə bağlı rəsmi məlumat çox qısa və azdır.

Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı açıqlamasını xatırlayaq: "Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib".

Açıqlama yetərincə nikbin ruhdadır.

Bəzi ehtimallara görə, yekun sülh sazişi bu ilin sonuna kimi imzalana bilər. Həmin ehtimalların reallaşma şansı yüksək olmasa da, onlar mövcuddur.

Rəsmi Bakı və İrəvan onillərdən bəri həllini gözləyən problemləri çözmək niyyəti kimi konstruktiv təzahürün müəllifləridir. Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, hələ də erməni işğalında olan kəndlərimizin bütünlüklə azad edilərək qaytarılması, sülh sazişinin imzalanması, dövlətlər arasında diplomatik münasibətlərin qurulması, nəqliyyat kommunikasiyalarının və loqistika marşrutlarının bərpası ilə yenilərinin istifadəyə verilməsi və s. məsələlər həllini gözləyir.

Beynəlxalq təşkilatlar, dövlətlər və siyasətçilər olmadan, vasitəçilər və moderatorların cəlb edilməməsi ilə iki tərəf arasında aparılan birbaşa danışıqlar effektiv seçim olduğunu artıq sübut edib.

Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan sonra isə iki dövlət arasındakı təmasları, kommunikasiyaları və müzakirələri təmin etmək üçün ümumiyyətlə, vasitəçilik mexanizmlərinə zərurət qalmayacaq.

Danışıqların Almatı mərhələsinin potensialına və xüsüsilə də perspektivlərinə gəldikdə isə, ifrat nikbinlik üçün hələlik zəruri zəmin yoxdur. Səbəb Ermənistandakı revanşist qüvvələrin aktivləşməsi, baş nazir Nikol Paşinyanın istefası,Azərbaycana 4 kəndin təhvil verilməsi, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin dərhal dayandırılması tələblərinin səslənməsidir.

Ermənistanın müstəqil dövlət olduğu gündən bəri ilk dəfədir ki, bu ölkədə Erməni Həvarifun (Apostol) Kilsəsi (EAK), sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın rəhbərlik etdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı" və xarici ölkələrdəki erməni diasporunun aparıcı təşkilatları bir araya gəliblər.

Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, "yeni hakimiyyət" adı ilə "sabiq"lərin geridönüşünü təmin etməkdir.

Məhz bu səbəbdəndir ki, hazırda Ermənistandakı "etiraz aksiyaları"nın real, hələlik kölgədə duran rəhbəri Robert Köçəryandır.

N.Paşinyanın hakimiyyətdən getməsində Rusiya ilə yanaşı, ilk baxışdan paradoksal görünsə də, Fransanın siyasi isteblişmenti maraqlıdır. Yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası rəsmi Parisin Ermənistanla bağlı planlarına qətiyyən cavab vermir.

İrəvanın Bakı ilə birbaşa danışıqlar aparması və perspektivdə sülh sazişinin reallaşması Fransa prezidenti Emmanuel Makronu ermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə təsir imkanlarından məhrum edir. Parisin bölgəmizdə bağlı geosiyasi planları isə aydındır: regionda gərginlik sporadik aktivləşmələrdə daimmi olmalı, Türkiyə və Azərbaycanın geosiyasi imkanları məhdudlaşdırılmalı, İrəvan Parisdən fasiləsiz asılı durumda qalmalıdır.

Emmanuel Makron anlayır ki, Azərğaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sadəcə, Bakı-İrəvan yox, Ankara-İrəvan istiqamətində də irəliləyişlərpə səbəb olacaq, Transxəzər nəqliyyat dəhlizi inkişaf edəcək, Cənubi Qafqazda stabillik artacaq, sonda bütün Avrasiya məkanına müsbət geosiyasi təsirlər reallaşacaq.

Xüsusilə də Ermənistan XİN-nin rəhbəri Ararat Mirzoyanın "sülh sazişinin detalları ilə yanaşı, nəqliyyat kommunikasiyaları ilə bağlı məsələləri də müzakirə edərək işləməyə hazırıq" açıqlaması İrəvanla bağlı məlum planları olan güc mərkəzlərini ciddi narahat edib.

Çünki məhz bu məsələlər İrəvanın indiyədək ən müxtəlif bəhanələrlə boyun qaçıraraq müzakirə etmək istəmədiyi nüanslardır. Bakı və İrəvan arasında nəqliyyat kommunikasiyaları problemi həllini taparsa, Transxəzər nəqliyyat dəhlizi marşrutunun önəmi dəfələrlə artacaq.

Təbii ki, sülh sazişi ilə bağlı vəziyyət sadə deyil. Sənəd elə bir formatda, məzmunda və formada olmalıdır ki, Azərbaycanla Ermənistan cəmiyyəti, informasiya və siyasi məkanı tərəfindən müsbət qəbul olunsun.

Azərbaycanda sazişin imzalanması təbii ki, təqdir ediləcək.

Ermənistana gəldikdə isə, vəziyyət diametral dərəcədə əksdir: qonşu ölkədə fəallaşan, daha doğrusu, fəallaşdırılan revanşist qüvvələr və hazırda Paşinyana qarşı formalaşmış "koalisiya" heç bir halda sülh sazişinin imzalanmasını istəmir.

Halbuki sülh sazişinin imzalanması, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılaraq normal münasibətlərin qurulmasına başlanması Ermənistanın inkişafını şərtləndirən əsas məqamlardır.

Amma Ermənistandakı mövcud situasiya hələ də çözülməyib.

Bu səbəbdən İrəvandakı vəziyyətin baha da gərginləşməməsi, revanhistlərlə kilsəyə, Köçəryan-Sarqsyan duetinə və kənardan maliyyələşən qruplara siyasi demaqogiya üçün kart-blanş verməmək üçün sülh sazişi layihəsinin önəmli məqamlarının bir qədər sonra açıqlanacağı istisna deyil.

Danışıqlara gəldikdə isə, Bakı və İrəvan arasında istənilən birbaşa təmaslarla müzakirələr irəliyə doğru bir addımdır.

Elçin Alıoğlu
TREND