Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən...

7 May 2024 12:12

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə..."

Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib. Məlumata görə, o, Bakıya xəstəxanaya aparılarkən yolda keçinib. 

Bildirilir ki, gecə saatlarında rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayşə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib. Onun qızılcadan öldüyü bildirilir. 

Dünyasını dəyişən yeniyetmənin peyvənd olunmadığını əminliklə söyləmək olarmı? Bir daha yada salaq: valideynlər uşaqlarda qızdırma olan zaman nələrə diqqət etməlidir? 

Yeri gəlmişkən, Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində bir həftə ərzində qızılca xəstəliyindən azı 42 ölüm faktı qeydə alınıb. Bu barədə əyalətin səhiyyə komissarı açıqlama verib. O bildirib ki, bir həftə ərzində ölkənin iki bölgəsində qızılcaya yoluxmuş 200-ə yaxın xəstə müəyyən edilib. Səhiyyə komissarının sözlərinə görə, həmin ərazilərdə peyvəndlənmə prosesi başlayıb və vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Nigeriyanın bir çox şimal əyalətlərində qızılca geniş yayılıb. Uşaqların daha həssas qrup sayıldığı bu virusun peyvəndlənməsində tez-tez çətinliklər yaranır. 

Rospotrebnadzorun Dağıstan Respublikası üzrə Departamentinin mətbuat xidməti bildirib ki, bölgədə 188 qızılca hadisəsi laboratoriya tərəfindən təsdiqlənib. Departament Dağıstanda epidemioloji vəziyyəti "gərgin, lakin nəzarət altında" olduğunu bildirib. Bildirilib ki, xəstəliyə yoluxma halları qızılcaya qarşı peyvənd olunmamış vətəndaşlar arasında qeydə alınır. Şöbədən bildirilib ki, rayonda qızılca infeksiyası ilə bağlı epidemioloji vəziyyətin ağırlaşması 2023-cü ilin fevral ayında başlayıb, bundan əvvəl yayılmadan yalnız təcrid olunmuş hallar qeydə alınıb. 

"Genotipləşdirmə məlumatları göstərir ki, xəstəliyə yoluxma halları kənardan infeksiyanın gətirilməsi, eləcə də qonşu ölkələrdən gələn peyvənd olunmamış insanlarla bağlıdır", - deyə mətbuat xidməti vurğulayıb.

Milli.Az bildiri ki, infeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, qızılca xəstəliyi fərqli gedişə malikdir: "Bizim karonavirus pandemiyası ilə bağlı təcrübəmiz var deyə qızılcanı daha çox onunla müqayisə edirik. Qızılca daha sürətlə yayılan xəstəlik olduğu üçün koronavirusdan daha yüksək yoluxma qabiliyyətinə malikdir. Koronavirusda olduğu kimi aylarla, illərlə bu proses davam etmir. Əgər regionda alovlanma varsa, sürətli şəkildə yoluxur və sürətli şəkildə də epidemiya sönür. Yəni lokal olaraq alovlanmalar olur. Bizdə müəyyən rayonlar var ki, orada xəstəlik alovlanıb və artıq sönüb. Mən işlədiyim klinikada da qızılca xəstəliyi kifayət qədər azalıb. Artıq biz qızılca xəstəliyini sporadik şəkildə görürük. Düzdür, bəzən ağırlaşmalara rast gəlirik, amma artıq bunlar da azalıb. Qızılca yayılmayan müəyyən bölgələrdə alovlanmalar müşahidə edilə bilər. Hacıqabulda da ola bilsin yeni alovlanmalar müşahidə edilir". 

Ölüm halları ilə bağlı danışan infeksionist əlavə edib ki, qızılca xəstəliyinin ağırlaşmaları olur, çünki onun letallığı da yüksəkdir: "Ona görə bu xəstəlik zamanı ehtiyatlı olmaq lazımdır. Uşaqları qorumaq lazımdır. Qızılca zamanı 2-3 gün yüksək hərarət müşahidə edilir. Sonra isə səpgilər olur. Səpgilər yarandıqda qızdırma yüksək olaraq qalır, hətta daha da yüksəlir. Səpgidən sonra isə üç gün davam edir, sonra qızdırma düşür. Ümumi bu proses bir həftə çəkir. Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə, artıq qızılcanın ağırlaşma ehtimalı var. Ona görə  mütləq həkimə müraciət etmək lazımdır. Ağ ciyərlərə profilaktik olaraq baxılmalıdır. Qızılca olan xəstələrə  qulluq etmək lazımdır, bol maye, çay, su verilməlidir. Hərarət əgər 38 yarımdan artıq olarsa, qızdırmasalıcı dərmanlar, vitamin preparatları vermək olar.  Xəstəyə yemək verməyə məcbur etmək olmaz, heç vacib də deyil. Amma bol maye qəbul edilməsi vacibdir. Uşaq su da içə  bilmirsə, qaytarırsa, o zaman sistem şəklində dərmanlar vurulmalıdır ki, bu maye bədəndə qalsın. Çünki qızdırmanın yüksək olması çoxlu miqdarda maye itkisinə səbəb olur. Bu da xəstəliyi daha da ağırlaşdırır. 

Bu xəstəliklərdə peyvənd  qoruyucudur. Peyvənd olunan şəxslər xəstəliyə yoluxmur Amma tibdə hər şeyi əminliklə demək olmaz. Çünki bir doza peyvənd olunandan sonra antitellər  yaranmaya bilər,   iki doza peyvənd isə qoruyucu olur. Bununla belə, peyvənd yüz faiz qoruyur, tam əminliklə deyə bilmirik".  

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mediaya açıqlamasında deyib ki, rəqəmlər azalmaya doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var.

GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: "Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslərdir".

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: "Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddindən artıq çox olur".

Qeyd edək ki, Azərbaycanda ötən ildən etibarən qızılcaya yoluxanların sayında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. Bir neçə uşaq xəstəlik səbəbindən vəfat edib. 2022-ci ildə isə cəmi bir nəfərdə bu xəstəliyə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünya miqyasında qızılcaya yoluxma hallarının 2023-cü ildə 2022-ci ilə nisbətən iki dəfə artdığı haqda məlumat yayıb. ÜST-nin məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb. Məlumata görə, ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub. 2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 43 faiz artıb (2021-ci illə müqayisədə). ÜST-nin məlumatına görə, 2000-ci ildən bəri ümumi qızılcaya yoluxmuş 50 milyondan çox insan vaksin sayəsində xəstəlikdən yaxa qurtara bilib.

Məlumatda bildirilir ki, qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 faizdən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Həmçinin qeyd edilib ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər. Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97 faiz effektivdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun