Dünyanın geosiyasi xəritəsindəki etirazlar məkanına yeni qaynar nöqtə əlavə olunub. Bu dəfə - artıq neçəci dəfə - Gürcüstan çalxalanır.
Kütlənin küçələrə çıxmasının formal səbəbi aydındır: "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsidir.
Mayın 1-də Gürcüstan parlamentində layihə ikinci oxunuşda qəbul olunub. Sənəd maliyyələşdirilməsinin 30 faizdən artığını əcnəbi maliyyə mənbələri təşkil edən istənilən təşkilatın xüsusi reyestrdə qeydiyyatdan keçirilməsini tələb edir.
Gürcüstan hökumətinin "xarici agent" haqqında qanunu qəbul etmək istəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da "xarici agent" haqqında qanun 86 il əvvəl - 1938-ci ildə qəbul olunub, "Xarici Agentlərin Qeydiyyatı Aktı" (Foreign Agents Registration Act, FARA) adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-də "Xarici Agentlərin Qeydiyyatı Aktı"nın təsir dairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digər ölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanun ABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətini məhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə də yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana edilən təzyiqlər də bundan qaynaqlanır.
Tam əksəriyyəti Qərbdən maliyyələşən 25 min QHT-nin mövcud olduğu Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsi gündəmə gələn kimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həm küçələrdə xaos yaradır, həm də siyasi hakimiyyətdə özünə yaxın şəxsləri-qrupları aktivləşdirir. Bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı bütün şəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı "nəzarətdə saxlamaq" imkanının itirilməsi yox, həm də Azərbaycana dair planlarının alt-üst olması deməkdir. Çünki Gürcüstan Qərbin Azərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib.
Qərb şəbəkəsinin qanunsuz maliyyələşməsinin illərdir Gürcüstandan həyata keçirilməsi də bunu təsdiq edir. Qərb dairələri bununla həm Azərbaycandakı şəbəkəni təmin edir, həm də Gürcüstandakı şəbəkə ilə koordinasiyalı fəaliyyət göstərməsini həyata keçirir. Gürcüstanda "xarici agentlər" haqqında qanuna edilən etirazla Azərbaycanda şəbəkənin sıradan çıxması istiqamətində atılan addımların tənqid edilməsi bir-birinə bağlı məsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsir rıçaqlarını itirməkdən qorxur.
Gürcüstanın hakimiyyət dairələri Qərbin aşkar və bütün mənəviyyat hədlərini aşan təzyiqləri qarşısında geri çəkilmək niyyətində deyillər.
Qanun layihəsini "xarici agentlər haqqında" adlandıran və "Rusiyadakı qanunu təkrarı olan" tipli bəyanatlar verən gürcü müxalifəti bilərəkdən mahiyyəti saxtalaşdırmağa çalışır.
Çünki faktura baxımından əsla belə deyil.
Üstəlik, Avropa İttifaqında Çinin təsir imkanlarına qarşı analoji qanun hazırlanır.
Gürcüstandakı müxalifətin aksiyalarını əsaslandırmaq üçün məntiqə zərurət yoxdur. Tbilisidəki aksiyaların təşkilatçıları emosiyalara bel bağlayır, lanun layihəsini "Rusiya təsirli, düşmən ruhlu" adlandırır və "Avropaya qarşıdır" söyləyərək Gürcüstanı Avroatlantika perpsektivlərindən məhrum edən sənəd qismində qələmə verir.
ABŞ və Avropa İttifaqı belə assosiasiyaları tam dəstəkləyir.
Qərb mediası qanun layihəsini ən yaxşı halda "ziddiyyətli" sayır, ən pis halda isə az qala Rusiyanın diqtəsi ilə hazırlandığını vurğulayır.
Avropa Şurasının sədri Şarl Mişelin dediyinə görə, "bu qanun Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdıracaq".
Avropa Parlamenti isə bəyanat qəbul edərək Brüsseldən Gürcüstanla avrointeqrasiya proseslərini dayandırmaqla yanaşı, viza rejiminin liberallaşdırılması prosesinin ləğvini tələb edir.
Halbuki Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır.
Qərbin belə dəstəyindən ruhlanan gürcü müxalifətçiləri kütləvi etiraz aksiyalarına başladılar. Minlərlə insan Tbilisidə parlament binasını mühasirəyə aldılar, yolları bağladılar, polislə qarşıdurmaya başladılar.
"Etiraz aksiyalarının yatırılmasında gücdən istifadə qəbuledilməzdir" - Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel söyləyib. Gürcüstan prezidenti, əvvəllər Fransa XİN-nin əməkdaşı olmuş Salome Zurabihvili də bu ifadəni təkrarlayır.
Etiraz aksiyalarının davam edəcəyi şübhəsizdir. Çünki parlamentdə qanun layihəsinin üçüncü oxunuşu və prezident vetosunun dəf edilməsi prosesləri qarşıdadır. Qərbə meylli və bir çox məsələlərdə Qərbdən asılı Gürcüstan hakimiyyəti ilk baxışdan, belə vəziyyətdə geri çəkilməlidir.
Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" partiyası nəinki geri çəkilir - opponentlərinə çox sərt cavab verir.
Məsələn, baş nazir İrakli Kobaxidze prezident Salome Zurabişvilini dövlətə xəyanətdə suçlayıb: "Ən kədərlisi budur ki, hələ də hüquqi olaraq Gürcüstan prezidenti adlanan şəxs sadəcə, sözün əsl mənsında, bu ölkəyə xəyanət edir. O, Gürcüstanın milli maraqlarına birbaşa xəyanət edir".
Belə sərtliyin bir neçə səbəbi var:
1. Qərbin ölkə siyasətinə aşkar və kobud təsiri ilə mübarizədə ilk addım qismində Tbilisinin belə qanuna ciddi ehtiyacı var. Söz yox, Gürcüstanın indiki hakimiyyəti birmənalı olaraq Qərbə meyllidir, Avropa İttifaqı ilə sıx təmaslarla formalaşıb. Lakin Moldova və Ukraynadakı hakimiyyətlərdən fərqli olaraq, Tbilisidəki iqtidar milli yönümünü qoruyub saxlaya bilib.
2. Tbilisinin Qərbə inamı azalıb. Tbilisidəki hakimiyyət gec də olsa, anladı ki, ölkənin sistemli inkişafı və gürcü xalqının maraqları Qərbin tələblərinə cavab vermir. Qərb Gürcüstanı Cənubi Qafqazda Rusiyaya qarşı forpost qismində görürdü. Belə ziddiyyətlər 2022-ci ildə, Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşması zamanı başlandı. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Qərb Gürcüstandan Moskvaya qarşı "ikinci cəbhə"nin açılmasını tələb edəndə ziddiyyətlər daha da dərinləşdi.
"Gürcü arzusu" Qərbin tələbini qətiyyətə rədd etdi. Az sonra Qərbin Tbilisiyə ünvanlanmış sərt tənqidləri başlandı, Gürcüstanda isə Qərbin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının (QHT) hakimiyyətə qarşı fəaliyyətinə start verildi.
Gürcüstanın hakimiyyət dairələri anlayırlar ki, "Rusiyaya qarşı son ukraynalıya və son gürcüyədək" strategiyasını reallaşdırmağa çalışan Qərb onu faktiki olaraq, hesabdan silib. Bütün körpülər yandırılıb və bu səbəbdən də Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" sonadək mübarizə aparmaq qərarına gəlib.
Tbilisi iki ssenariyə bel bağlayır. İlk ssenaridə Avropa İttifaqında və ABŞ-da builki seçkilərdə daha praqmatik qüvvələr hakimiyyətə gəlir, ya da Rusiya Ukraynadakı müharibədə qələbəyə nail olur və postsovet məkanındakı situasiya bütünlüklə dəyişir. Belədə Qərb Gürcüstanı olduğu kimi qəbul etmək məcburiyyətində qalacaq.
3. "Gürcü arzusu" Gürcüstanı radikalizmin beşiyinə çevirmək istəmir. Əvvəllər Qərbin maliyyələşdirdiyi QHT-lərin qaynaşdığı postsovet ölkələri arasında xarici təsirin şəffaflığını və QHT-lərin xaricdən maliyyələşdirilməsinin sərt nəzarət altına alınmasını təmin etməyə çalışan dövlətlərin sayı artır.
Bu səbəbdən də həmin QHT-lər qanunların nisbətən yumşaq olduqları yerlərə - məsələn, Gürcüstana - üz tuturlar. Gürcüstanda isə belə QHT-lər vəziyyəti ağırlaşdırır, ilk növbədə Tbilisi-Moskva münasibətlərini pisləşdirməyə çalışırlar. Situasiyaya müdaxilə edilməzsə, ölkə ərazisindəki belə QHT-lərlə hakimiyyət dairələri arasında əlaqələrin olmadığını Tbilisi Moskvaya çətinliklə sübut edə bilər.
Göründüyü kimi, Qərb "Gürcü arzusu"na seçim imkanı qoymayıb. İndi əsas məsələ Qərbin Tbilisiyə ünvanlanmış sərt tənqidlərdən yeni "Maydan ssenari"sinə keçməsi ilə bağlıdır.
Həmin ssenari reallaşarsa, Qərb Gürcüstanı bilmərrə itirəcək. Brüsseldə və Vaşinqtonda hakimiyyətdə praqmatiklər yox, "demokratiya şahinləri"nin olduğunu nəzərə alsaq, vəziyyətin radikallaşması istisna deyil.
... 20 il əvvəl, 2004-cü ildə hakimiyyətə gəlmiş Mixeil Saakaşviliyə də Qərb bol vədlər vermişdi. Tbilisi bu vədlərə inanmışdı. Amma 2008-ci ilin avqustunda, Rusiyanın qoşunları Abxaziyaya və Cənubi Osetiyaya girəndən 5 gün sonra Tbilisidə böyük mitinq olmuşdu.
Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Estoniya prezidenti Toomas Hendrik İlves, Litva prezidenti Valdas Adamkus və Latviya lijeri İvar Qodmanis Tbilisyə təhlükəsizlik vədləri vermişdilər.
Nəticə? Cənubi Osetiya və Abxaziya bütünlüklə Rusiyanın əlinə keçdi, rus tankları Tbilisinin bir neçə kilometrliyində dayandılar.
Mixeil Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı, sonucda uduzan və pərişan qalan Gürcüstan cəmiyyəti oldu.
Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd olunur. Ancaq 2004 cü ildən fərqli oçaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyəti Qərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın bu qədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində Qərb Gürcüatanda çox güclü şəbəkə qurub.
2010-cu ildən başlayaraq ABŞ-ın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED təşkolatının Bakı ofisinin rəhbəri oıan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, bu gün "xarici agent qanunu"nun qəbul olunmasına qarşı sərt çıxış edən Amerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiq hüquqi aktlar fəaliyyətdədir.
Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.
Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.
O da təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də ciddi cəhdlə "Abzas Media", "Toplum TV" kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır.
... Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya qarşı tətbiq edilmi ağır və çoxsaylı sanksiyalardan yayınmağa çalışan Moskva məhz Gürcüstanı paralel ixrac-idxal əməliyyatları üçün tranzit ölkələrdən biri seçmişdi.
Nəticədə ötən il yoxsul Gürcüstanın ÜDM-i 10 faiz kimi rekord göstərici ilə artıb.
Qərbə isə varlı, inkişaf edən Gürcüstan gərək deyil.
Qərb Gürcüstanı bölgəmizdə daha bir gərginlik məkanı, Rusiyaya qarşı qarşıdurma vasitəsi kimi görür.
Heç təsadüfi deyil ki, Tbilisi küçələrində kütləvi etiraz aksiyaları keçirənlər ilkin mərhələdə "Rədd olsun mürtəce qanun!" qışqırırdılarsa, sonrakı mərhələdə "Siyasi məhbuslara azadlıq!" bağırırdılar.
Daha sonra isə onlar "Suxumi! Suxumi!" qışqırdılar və hakimiyyəti müharibəyə başlamağa çağırdılar.
Hər şey aydın deyilmi?
Elçin Alıoğlu
TREND